"TikTok" ABŞ-dəki biznesinin satılması barədə müqavilə imzalayıb
19-dekabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
"TikTok" ABŞ investorları "Oracle", "Silver Lake" və "MGX" tərəfindən idarə olunan birgə müəssisəyə öz Amerika bölməsini satmaq üçün məcburi müqavilə imzalayıb.
"PostMedia" "Associated Press"ə istinadən xəbər verir ki, sövdələşmənin 22 fevral tarixində tamamlanması planlaşdırılır. Bu tarix "TikTok"un baş direktoru Şou Tszı Çunun agentliyin tanış olduğu işçilərə ünvanladığı məktubunda qeyd olunub.
Sövdələşmə başa çatdıqdan sonra "TikTok"un ABŞ-dəki fəaliyyəti "amerikalıların məxfiliyinin və ABŞ milli təhlükəsizliyinin qorunması" prinsiplərinə uyğunlaşdırılacaq. Xüsusilə, ABŞ istifadəçilərinin məlumatları "Oracle"ın nəzarəti altında yerli səviyyədə saxlanılacaq.
Son bir neçə il ərzində ABŞ hakimiyyəti Çinin "ByteDance" şirkətinə məxsus olan "TikTok" üzərində ölkə daxilində nəzarət yaratmağa çalışıb. Donald Tramp birinci prezidentlik müddətində "TikTok"u ABŞ-də qadağan etməyə cəhd göstərmiş (məhkəmə bu qərarı ləğv etmişdi), onun varisi Co Bayden isə "ByteDance" öz payını satmayacağı təqdirdə platformanı qadağan edən qanun qəbul etmişdi.
2025-ci ilin sentyabrında Ağ Evə qayıdan Tramp, Çin hökuməti ilə "TikTok" sövdələşməsi" barədə razılığa gəldiyini elan etdi. Daha sonra məlum oldu ki, şirkətin Amerika bölməsi amerikalı investorlar konsorsiumuna satılmalıdır.