ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çin texnoloji nəhəngi "Alibaba Group" eləcə də "Baidu", BYD və daha beş şirkəti Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) potensial tərəfdaşları kimi qiymətləndirib.
"PostMedia" xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" yayıb.
Məlumata görə, "Pentaqon" hərbi strukturlarla əməkdaşlıqda şübhəli bilinən şirkətlərin daxil edildiyi "1260H" siyahısına onların salınmasını təklif edib. Siyahıya düşmək birbaşa hüquqi nəticələr yaratmasa da, ABŞ investorlarını xəbərdar edir, şirkətlər üçün reputasiya risklərini artırır və gələcəkdə digər məhdudiyyət siyahılarına düşmə ehtimalını yüksəldir.
ABŞ kəşfiyyat orqanlarının iddiasına əsasən, "Alibaba Group" Çin ordusuna ABŞ hədəflərinə qarşı əməliyyatlarda istifadə oluna biləcək texnologiyalar və istifadəçi məlumatları təqdim edib. Hesabatda şirkətin ÇXAO-ya IP ünvanlar, Wi-Fi məlumatları, ödəniş məlumatları və digər istifadəçi məlumatlarını ötürdüyü, həmçinin “sıfır gün” zəiflikləri barədə məlumat verdiyi bildirilir.
Alibaba ittihamları rədd edib. Şirkət ABŞ kəşfiyyatının iddialarını “tam cəfəngiyat” adlandırıb və Vaşinqtonu Çin şirkətlərinin reputasiyasını ləkələmək üçün ictimai rəy manipulyasiyasında ittiham edib.
Çin Xarici İşlər Nazirliyi isə cavabında ABŞ-ın “milli təhlükəsizlik anlayışını həddindən artıq geniş şərh etməsi, Çin şirkətlərinə qarşı əsassız təzyiq göstərməsi və diskriminasiya xarakterli siyahılar yaratması”nı qəbuledilməz adlandırıb.
Digər tərəfdən, bütün bu ittihamlara baxmayaraq "Alibaba"nın səhmləri 27 noyabrda 2% bahalaşıb. Şirkət ikinci rüb üzrə analitik gözləntiləri üstələyən hesabat yayıb. Belə ki, biznes nəhənginin gəliri 247,8 mlrd yuan (təxminən 35 mlrd dollar) təşkil edib ki, bu da proqnozlaşdırılan 242,65 mlrd yuandan çoxdur.