Avropa Komissiyası büdcəni 2 trilyon avroya qaldırmağı planlaşdırır
12-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Avropa Komissiyasının sədri Ursula fon der Leyen 2028–2034-cü illər üçün Avropa İttifaqının yeddiillik büdcə planını 2 trilyon avroya qədər artırmaq təklifini təsdiqləyib.
"PostMedia" xəbər verir ki, bu, hazırkı (2021–2027) planla müqayisədə təxminən 800 milyard avro çoxdur və Aİ tarixində ən iri büdcə artımı hesab olunur.
Fon der Leyen Brüsseldə Avropa Parlamentində keçirilən büdcə dinləmələrində bildirib ki, yeni plan 52 hədəf proqramı əhatə edəcək. Onların arasında 218 milyard avro Aİ-nin sosial-iqtisadi cəhətdən geridə qalmış regionlarının inkişafına, 294 milyard avro isə Ümumi Kənd Təsərrüfatı Siyasətinə ayrılacaq.
O vurğulayıb ki, kənd təsərrüfatına ayrılan pay əvvəlki dövrlərlə müqayisədə azalıb, yeni büdcədə cəmi 15%-dən az təşkil edir. Əvvəllər isə bu rəqəm 40%-ə yaxın olub.
Bununla belə, fon der Leyen büdcə artımının maliyyə mənbələri barədə açıqlama verməyib. Onun sözlərinə görə, Aİ ölkələrinin ümumi büdcəyə nə qədər əlavə vəsait ödəyəcəyi hələlik müəyyən edilməyib.