THY İspan nəhəngi ilə 300 milyon avroluq müqavilə imzalayıb
06-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Türk Hava Yolları (THY) İspaniyanın böyük hava yolu şirkəti “Air Europa” ilə ortaq olub.
“PostMedia” xəbər verir ki, iki şirkət arasında 300 milyon avroluq razılaşma imzalanıb.
THY bu barədə İctimai Məlumatlandırma Platformasında (KAP) açıqlama yayıb.
THY-nin açıqlamasına görə, əməliyyatın tamamlanması üçün tənzimləyici qurumlardan icazə mərhələsinə keçilib və bu prosesin 6–12 ay ərzində başa çatması gözlənilir.
Əvvəlcədən bildirildiyi kimi, sərmayənin böyük hissəsi kapital artımı formasında olacaq və 300 milyon avro dəyərində həyata keçiriləcək. Texniki və maliyyə düzəlişlərindən sonra THY-nin Air Europa şirkətindəki azlıq payının 25–27 % arasında olacağı gözlənilir.
THY-nin KAP-a verdiyi açıqlamada deyilir:
“19.08.2025 tarixli açıqlamamızda qeyd olunduğu kimi, bu ortaq layihə Türk Hava Yollarının qlobal aviasiya sektorundakı strateji mövqeyini gücləndirməklə yanaşı, Latın Amerikası regionunda yeni turizm bazarlarının açılması, İspaniya ilə Türkiyə arasında sərnişin və yük daşımalarını artırmaqla ölkəmizə gələn turist sayını və iqtisadi töhfəni yüksəltməyi hədəfləyir”.
Açıqlamada o da vurğulanıb ki, tənzimləyici orqanların icazələri alındıqdan sonra proses yekunlaşdırılacaq və hər hansı yeni inkişaf baş verərsə, bu barədə ictimaiyyətə məlumat veriləcək.
“Air Europa” 1986-cı ildə yaradılıb, baş ofisi Mayorka adasındakı Llucmajor şəhərində yerləşir. Şirkət İspaniya, Avropa, Şimali Afrika və Latın Amerikası istiqamətlərində uçuşlar həyata keçirir.
Hazırda Air Europa 19 ölkədə 42 fərqli istiqamətə uçuşlar təşkil edir.