Norveç Fondu "Tesla"nın Elon Maska 1 trilyon dollarlıq ödəniş təklifini rədd edib
04-noyabr-2025
Admin
Yazı Ölçüsü:
Norveçin dövlət rifah fondu "Tesla"nın İlon Maska yeni kompensasiya paketi təqdim etmək təklifini rədd edən ilk iri investor olub.
"PostMedia" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Dünyanın ən böyük dövlət fondu olan və 1,9 trilyon dollarlıq aktivləri idarə edən "Norges Bank Investment Management" (Norveç Mərkəzi Bankının investisiya bölməsi) ödənişin həcminin “həddən artıq böyük olması” ilə bağlı narahatlığını bildirib.
"Tesla" 6 noyabrda illik səhmdarlar yığıncağı keçirəcək. Görüşdə bir neçə vacib məsələ, o cümlədən İlon Mask üçün nəzərdə tutulan kompensasiya paketi səsverməyə çıxarılacaq. Təklifə əsasən, Mask şirkətin dəyərini 8,5 trilyon dollara çatdıra bilsə, o, "Tesla"nın əlavə 12% səhmlərini alacaq. Bu halda onun potensial qazancı 1 trilyon dollardan bir qədər çox təşkil edəcək.
Səhmdarlar həmçinin direktorlar şurasının üzvlərinin yenidən seçilməsi və "Tesla"nın Maskın süni intellekt startapı "xAI"yə sərmayə yatırması təklifi barədə də səs verəcəklər. Mask "Tesla"nın ən böyük səhmdarı kimi, bu məsələlərdə də səsvermə hüququna malikdir.
Qeyd edək ki, Norveç fondu keçən il də 2018-ci ilin kompensasiya paketi ilə bağlı təklifi dəstəkləməmişdi. Həmin paket Delaver ştatı məhkəməsi tərəfindən ləğv edilmişdi, baxmayaraq ki, o zaman səhmdarların 72%-i onun lehinə səs vermişdi. Hazırda "Tesla" bu qərardan Delaver Ali Məhkəməsinə apellyasiya verib.
Oktyabrın sonunda "Tesla"nın direktorlar şurasının sədri Robin Denholm səhmdarları xəbərdar etmişdi ki, əgər onlar Mask üçün 1 trilyon dollarlıq kompensasiya planını təsdiqləməsələr, o, şirkəti tərk edə bilər. Denholm bildirib ki, Mask "Tesla"nın gələcəyi üçün əsas fiqurdur, çünki o, şirkəti “adi avtomobil istehsalçısından” daha irəli — tam avtonom idarəetmə və humanoid robotlar (Optimus) sahəsində liderliyə aparır.