Azərbaycanda elektrik mühərrikli avtomobillərə maraq hələ də aşağı səviyyədə qalır.
“PostMedia” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.
DGK sədri qeyd edib ki, gələn ildən elektrik mühərrikli nəqliyyat vasitələri də əlavə dəyər vergisinə cəlb olunacaq:
“2025-ci ilin ilk 10 ayında ölkəyə cəmi 1 760 ədəd elektrik mühərrikli avtomobil idxal olunub. Müqayisə üçün, ötən il bu rəqəm 3 027 idi. Bu azalma onu göstərir ki, elektrik avtomobillərinə maraq hələ də geniş yayılmayıb və vətəndaşlar hələlik ənənəvi – daxili yanma mühərrikli avtomobillərə üstünlük verirlər”.
Şahin Bağırov əlavə edib ki, gömrük daxilolmalarının əsas hissəsi məhz idxal əməliyyatlarından formalaşır:
“İdxal zamanı tətbiq edilən gömrük rüsumları və ƏDV dövlət büdcəsinin mühüm gəlir mənbəyidir. Büdcə daxilolmalarımızın əsas payını da məhz ƏDV təşkil edir”.
