N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes | Energetika

ABŞ sanksiyalarından sonra Çin şirkətləri Rusiya neftindən imtina edir - Bloomberg

03-noyabr-2025
Turan Hüseynli
ABŞ sanksiyalarından sonra Çin şirkətləri Rusiya neftindən imtina edir - Bloomberg
Yazı Ölçüsü:
ABŞ-nin oktyabr ayında Rusiyanın iri neft şirkətlərinə və onların törəmə müəssisələrinə qarşı tətbiq etdiyi sanksiyalardan sonra bir sıra Çin neftayırma zavodları, həm dövlət, həm də özəl sektor nümayəndələri, Rusiya neftinin alışını dayandırıblar.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məqaləyə əsasən, söhbət əsasən Uzaq Şərq boru kəməri (ESPO) markalı neftdən gedir, hansı ki, sanksiyalardan sonra qiyməti kəskin ucuzlaşıb.
Agentliyin mənbələrinin sözlərinə görə, "Sinopec" və "PetroChina" kimi dövlət şirkətləri ilə yanaşı, “çayniklər” adlandırılan kiçik özəl müəssisələr də alışlardan imtina ediblər.
Sonuncular xüsusilə ehtiyatlı davranır, çünki "Shandong Yulong Petrochemical" artıq Böyük Britaniya və Avropa İttifaqının sanksiya siyahısına düşüb.
"Rystad Energy" konsaltinq şirkətinin hesablamalarına görə, Çin şirkətlərinin bu qərarı təxminən gündə 400 min barel neftə təsir edir, bu da Çinin Rusiyadan idxal etdiyi neftin 45%-i deməkdir.
Bununla belə, sanksiyalar yalnız Rusiyaya mənfi təsir göstərməyib. "Yulong" kimi bəzi şirkətlər Qərb tədarükçülərinin imtinasından sonra alternativ variant qalmadığı üçün tamamilə Rusiya neftinə keçiblər.
Bloomberg qeyd edir ki, “çayniklər” təkcə sanksiya riski ilə deyil, həm də xam neft idxal kvotalarının azalması ilə üzləşiblər. Bu, onların Rusiyadan alış həcmini ilin sonuna qədər məhdudlaşdıra bilər.
Xatırladaq ki, 15 oktyabrda Böyük Britaniya “Rosneft” və “LUKOIL”a qarşı bloklayıcı sanksiyalar tətbiq etmişdi. Bir həftə sonra ABŞ da bu şirkətləri və onların törəmə müəssisələrini sanksiya siyahısına salaraq, əməkdaşlığın dayandırılması üçün bir ay vaxt vermişdi.
"Reuters"in məlumatına görə, bundan sonra Çinin iri dövlət şirkətləri dəniz yolu ilə Rusiya neftinin alışını dayandırıblar. Bəzi Hindistan NQZ-ləri də eyni addımı atıblar. Lakin "Indian Oil Corp." noyabrda sanksiyalara düşməyən təchizatçılardan bir neçə partiya ESPO markalı Rusiya nefti alıb.
Eyni zamanda Türkiyə də Rusiya nefti əvəzinə digər ölkələrdən tədarükü artırıb.
Moskva isə Qərbin bu sanksiyalarını “qanunsuz” adlandırır. Kreml bildirib ki, Rusiya artıq onlara qarşı “müəyyən immunitet” qazanıb və enerji sektoru “özünü inamlı hiss edir”. Prezident Vladimir Putin sanksiyaları ABŞ-nin təzyiq cəhdi adlandıraraq, onların “müəyyən təsir göstərə biləcəyini”, lakin Rusiyanın enerji sahəsinin sabit qaldığını qeyd edib.
Kateqoriyalar