Avrasiya İqtisadi Komissiyasının (AİK) Kollegiyası Azərbaycandan və Çindən idxal olunan alüminium lentinə qarşı tətbiq edilən antidempinq rüsumunun müddətini 29 iyun 2026-cı il tarixinədək uzadıb.
"PostMedia" xəbər verir ki, mövcud qərarın qüvvədə qalma müddəti ilkin olaraq 23 oktyabr 2025-ci ilə qədər nəzərdə tutulmuşdu. Lakin AİK-in Daxili Bazarın Müdafiəsi İdarəsinə daxil olan müraciətdən sonra 30 iyun 2025-ci ildə təkrar antidempinq araşdırmasına start verilib.
Komissiyanın Ticarət bloku bildirib ki, Avrasiya İqtisadi İttifaqının normativ çərçivəsinə əsasən, təkrar araşdırma aparıldığı müddətdə mövcud antidempinq tədbirləri avtomatik olaraq uzadılır. Bu araşdırmanın 12 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Hazırda qüvvədə olan rüsum dərəcəsi Azərbaycandan idxal edilən alüminium lentinin gömrük dəyərinin 16,18%-i, Çindən gətirilən məhsul üçün isə 13,14%-i həcmində müəyyən edilib.
AİK-dən bildirilir ki, məqsəd bazarda ədalətli rəqabətin qorunması və İttifaq üzvü olan ölkələrin istehsalçılarının maraqlarının müdafiəsidir. Araşdırma müddətində idxalçılar və istehsalçılar üçün məlumat təqdim etmək imkanı açıq qalır.
Qeyd edək ki, adıçəkilən komissiya Rusiya, Belarus və Qazaxıstan tərəfindən yaradılıb.