N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Rusiyada "Visa" və "Mastercard" kartları dövriyyədən çıxarılacaq

08-oktyabr-2025
Türkan Nəbi
Rusiyada "Visa" və "Mastercard" kartları dövriyyədən çıxarılacaq
Yazı Ölçüsü:
Rusiyada beynəlxalq ödəniş sistemləri "Visa" və "Mastercard" kartlarının istifadəsi mərhələli şəkildə dayandırılacaq.
"PostMedia" xəbər verir ki, bu qərar, bu kartların təhlükəsizlik sertifikatlarının 2025-ci il yanvarın 1-dən etibarən qüvvədən düşməsi ilə əlaqədardır.
Rusiyanın Milli Ödəniş Kartları Sisteminin (НСПК) baş direktoru Dmitri Dubınin bildirib ki, köhnə sertifikatların qüvvədə olmaması əməliyyatların təhlükəsizliyinə birbaşa təsir göstərir:
“Bu, maliyyə təhlükəsizliyi məsələsidir. Ona görə də bu istiqamətdə müzakirələr aparılır”, – deyə Dubınin qeyd edib.
O vurğulayıb ki, bu addım kartların istifadə müddətinin məhdudlaşdırılması ilə deyil, "müddətli kart” modelinə qayıdışla bağlıdır. Yəni, köhnə və ya fiziki cəhətdən aşınmış kartlar mərhələli şəkildə “Mir” kartları ilə əvəzlənəcək.
Hazırda "НСПК" bank sektorundan təkliflər toplayır və köhnə "Visa" və "Mastercard" kartlarının dövriyyədən çıxarılması üçün vaxt cədvəli hazırlanır.
Rusiya Bankı da bu qərarı təsdiqləyərək bildirib ki, keçid “müvafiq və yetərli vaxt çərçivəsində” həyata keçiriləcək, beləliklə vətəndaşlar kartlarını rahat şəkildə “Mir” sisteminə dəyişə biləcəklər.
Rusiya Mərkəzi Bankının məlumatına görə, "Visa" və "Mastercard" kartlarının müddətinin uzadılması müvəqqəti və məcburi addım idi, lakin indi buna ehtiyac qalmayıb.
“Bu kartların dövriyyədəki payı azalıb, insanlar özləri könüllü şəkildə ‘Mir’ kartlarına keçirlər”, – qurum bildirib.
NСПК-nin məlumatına əsasən, 2024-cü ildə Rusiyada 400 milyon “Mir” kartı buraxılıb – bu, əvvəlki illə müqayisədə 40% çoxdur. 2025-ci ilin ilk rübündə isə əlavə 19 milyon kart dövriyyəyə daxil edilib. Ötən il sistem vasitəsilə 35 milyard əməliyyat aparılıb, onlardan 26,5 milyardı “Mir” kartları ilə həyata keçirilib.
Xatırladaq ki, "Visa" və "Mastercard" şirkətləri 2022-ci ilin yazında Ukraynada baş verən müharibə səbəbindən Rusiyadakı fəaliyyətlərini məhdudlaşdırıblar. O vaxtdan bəri bu kartlar yalnız ölkə daxilində işləyir, lakin xaricdə keçərli deyil.
Kateqoriyalar