Azərbaycanda da fəaliyyət göstərən şirkətin Avstraliyada saxtakarlığı aşkar edildi
06-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Konsaltinq nəhəngi "Deloitte" süni intellektdən istifadə edərək hazırladığı hesabatda saxta istinadlar və sitatlar yerləşdirdiyini etiraf edərək, federal hökumətə müqavilənin son ödənişini geri ödəməyi qəbul edib.
"PostMedia" Avstraliya KİV-lərinə istinadən xəbər verir ki, bu ilin iyun ayında Əmək və İş Yerlərində Əlaqələr Departamenti (DEWR) üçün təqdim edilən ilkin hesabat, departamentin Hədəflənmiş Uyğunluq Çərçivəsi və sosial yardım cəzalarını avtomatlaşdıran IT sistemi üzrə araşdırmanı əhatə edib. Hesabatda mövcud olmayan akademik işlərə, saxta məhkəmə qərarına və hakimlərin adlarının səhv yazıldığı sitatlara istinadlar tapılıb.
"Deloitte" hesabatın düzəldilmiş versiyasını hökumətə təqdim edib və saxta istinadları çıxarıb. Şirkət eyni zamanda bəzi araşdırma hissələrində süni intellektdən istifadə edildiyini etiraf edib. Müqavilənin dəyəri 440 min ABŞ dolları olub, amma geri ödəniləcək məbləğ açıqlanmayıb.
Düzəldilmiş hesabatda əvvəlki səhvlər aradan qaldırıldığı və məzmun, nəticələr və tövsiyələrdə dəyişiklik olmadığı qeyd olunur. İlkin hesabatda Sidneydəki bir hüquq professorunun saxta hesabatına 12 istinad və İsveçdəki bir professorun mövcud olmayan işinə 2 istinad olub.
"Deloitte" həmçinin işçilərin sistem kodunun biznes tələblərinə uyğun olub-olmadığını qiymətləndirmək üçün süni intellektdən istifadə etdiyini təsdiqləyib.
Xatırladaq ki, 2002-cildən Azərbaycanda fəaliyyət göstərən "Deloitte" dünyanın 4 ən böyük audit şirkətlərindən biri hesab edilir.