Məşhur amerikalı investor Varren Buffettin rəhbərlik etdiyi “Berkshire Hathaway” Çin elektrik avtomobil istehsalçısı BYD-dəki payını tamamilə satıb.
“PostMedia” xəbər verir ki, beləliklə 17 il davam edən sərmayə hekayəsi sona çatıb.
Şirkətin təqdim etdiyi sənədlərə görə, 2025-ci ilin mart ayının sonuna BYD-dəki payın dəyəri artıq “sıfır” olaraq göstərilib.
Bu, “Berkshire”in 2008-ci ildə BYD-yə etdiyi 230 milyon dollarlıq sərmayənin tamamilə bağlanması deməkdir.
“Berkshire” illər ərzində BYD-nin təxminən 10%-lik səhmdarı olmuşdu. Bu müddətdə şirkətin dəyəri 20 dəfədən çox artıb, lakin 2022-ci ildən başlayaraq Buffett-in holdinqi mərhələli şəkildə payını azaltmağa başlamışdı.
BYD tərəfi “Berkshire”in çıxışını “adi sərmayə əməliyyatı” kimi qiymətləndirib.
Şirkətin ictimaiyyətlə əlaqələr üzrə direktoru Li Yunfei Buffett və onun mərhum iş ortağı Çarli Manqerə uzun illər dəstək və əməkdaşlığa görə təşəkkür edib.
Çində elektrikli avtomobil bazarı hazırda ciddi rəqabət və qiymət müharibələri ilə üzləşir.
BYD-nin satışları ardıcıl dörd ay azalıb, həmçinin 2025-ci il üçün satış proqnozu 5.5 milyon ədəddən 4.6 milyon ədədə endirilib. Bu isə təxminən 16%-lik azalma deməkdir. Şirkət eyni zamanda son üç ildə ilk dəfə rüblük mənfəət azalması ilə qarşılaşıb.
Buffett və Manqerin illər əvvəl etdiyi sərmayə BYD-yə beynəlxalq nüfuz qazandırmışdı. İndi isə “Berkshire”in tam çıxışı bazarda investorların gələcək proqnozlarına dair suallar yaradıb.