Ötən gün “Sədərək” Ticarət Mərkəzinin ərazisində güclü yanğının baş verdiyi və bu gün də davam edən anbarın “Super Toys” mağazalar şəbəkəsinə məxsus olduğu haqqında məlumat vermişdik.
“PostMedia” xəbər verir ki, həmin anbarı “Supertoys” MMC icarəyə götürüb və hadisə zamanı anbara böyük ziyan dəyib.”Musavat.com” saytının məlumatına görə, ötən ilin sentyabrında şirkətin dövlət büdcəsinə 1 milyon 458 min 915 manat 28 qəpik vergi borcu olub.
“PostMedia”nın artaşdırmasına görə, bu gün həmin məbləğ 800 min 304 manat 37 qəpik yaxud 54,86% artaraq 2 milyon 259 min 219 manat 65 qəpiyə çatıb.
Qeyd edək ki, 2018-ci ildə yaradılan şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Cəfərov Xəqani Vədud oğludur.
Xatırladaq ki, Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə şirkətə 2018-ci ildə 2 hal üzrə ümumilikdə 80 manat, 2019-cu ildə 2 hal üzrə ümumilikdə 80 manat, 2020-ci ildə 3 hal üzrə ümumilikdə 120 manat, 2021-ci ildə isə 1 hal üzrə ümumilikdə 40.00 manat maliyyə sanksiyası tətbiq edilib.