Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 29,8 % artıb
06-avqust-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
2025-ci ilin yanvar – iyul ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 140,6 milyon manata yaxın vergi daxil ödənilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 20,3 % və ya 23,7 milyon manat çoxdur.
Bu barədə "PostMedia"ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qeyri-dövlət sektorundan daxilolmalar 95,3 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 21,9 milyon manat və ya 29,8 % artıb. Ödənilən vergilərin 67,8 %-i qeyri-dövlət sektorunun, 32,2 %-i isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2025-ci ilin yanvar – iyul aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 % artaraq 2,7 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən 10,6 % artıb və 18,1 milyon manata yaxın təşkil edib.