ABŞ Kiprdə əsas hərbi bazaların modernləşdirilməsini maliyyələşdirəcək. Xüsusilə, Pafos yaxınlığında yerləşən "Andreas Papandreou Air Base" aviabazasının genişləndirilməsi planlaşdırılır.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, ıayihə çərçivəsində hərbi nəqliyyat təyyarələrini qəbul edə biləcək yeni platformanın tikilməsi nəzərdə tutulur.
Gözlənilir ki, yenilənmiş obyektlər yalnız müdafiə məqsədlərinə deyil, həm də humanitar yardımın paylanması üçün baza kimi istifadə olunacaq.
Euronews-un məlumatına görə, Kipr Milli Qvardiyasının polkovnik-leytenantı Paris Samoutis bildirib ki, layihə üçün ABŞ tərəfindən 500 min avro maliyyə ayrılıb. Hazırda proqramın ümumi dəyərini müəyyən etmək üçün bir neçə milyon avroluq tədqiqat aparılır və işlərin 2027-ci ildə başlanması planlaşdırılır.
Bununla yanaşı, Kiprin əsas hərbi-dəniz bazası olan Evangelos Florakis Naval Base ərazisində yeni helikopter meydançası inşa ediləcək. Bu meydança iri Boeing CH-47 Chinook tipli nəqliyyat helikopterlərini qəbul edə biləcək və münaqişə zonalarından mülki şəxslərin təxliyəsi üçün istifadə olunacaq.
Eyni zamanda, bazanın böyük hərbi gəmiləri də qəbul edə biləcəyi bildirilir. Samoutisin sözlərinə görə, burada yüksək təhlükəsizlik və hava müdafiə imkanlarına malik iri hərbi dəniz platformalarının yerləşdirilməsi mümkün olacaq ki, bu da xüsusilə qeyri-döyüşən şəxslərin təxliyəsi zamanı əhəmiyyət daşıyır.