Ukraynanın sabiq prezidenti Petro Poroşenko 2025-ci il üçün gəlir bəyannaməsinə əsasən həyat yoldaşının adına təxminən 22,5 milyon dollar dəyərində qiymətli kağızlar rəsmiləşdirib.
"PostMedia"nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, qiymətli kağızların ötürülməsi “hədiyyə” kimi sənədləşdirilib. Bundan başqa, Poroşenko Avstriya, Kipr, Türkiyə və Ukraynadakı müxtəlif banklarda təxminən 35 milyon dollarlıq hesabları, eləcə də 72,2 milyon dollar nağd vəsaiti olduğunu bəyannaməsində göstərib. Daha 22 milyon dollar isə onun həyat yoldaşının adına rəsmiləşdirilib.
Poroşenkoların mülkiyyətində həmçinin beş yaşayış evi, torpaq sahəsi və avtomobillər olduğu bildirilir.
"Forbes" jurnalının məlumatına görə, Poroşenko ailəsinin sərvəti 1,5 milyard dollar qiymətləndirilir (ötən il 1,8 milyard dollar idi) və bu göstərici onu Ukraynanın milyarderləri arasında dördüncü yerə çıxarır.
Qeyd olunur ki, martın 31-i Ukraynada dövlət qulluqçuları və seçilmiş vəzifəli şəxslərin gəlir bəyannamələrini təqdim etməsi üçün son tarix olub. Bildirilir ki, bir çox siyasətçi real aktivlərini gizlətmək üçün onları yaxın qohumlarının adına keçirir.
Məsələn, Yulia Timoşenko 2024-cü il bəyannaməsində qızına bank hesablarından 4 milyon dollar “borc verdiyini” göstərib. Ukrayna prezidenti Volodimir Zelenski isə bir neçə il ərzində həyat yoldaşı Alyona Zelenskanın benefisiarı olduğu bəzi şirkətlərin Ukrayna, İtaliya və Gürcüstanda daşınmaz əmlaka sahib olduğunu və ya əvvəllər sahib olmuş olduğunu bəyannamədə qeyd etməyib.
Hazırda Poroşenko Ukraynada dövlətə xəyanətdə ittiham olunur və ona qarşı tətbiq edilən sanksiyalar onun əmlakından istifadə imkanlarını məhdudlaşdırır. Bundan əlavə, onun administrasiyasının bir neçə keçmiş əməkdaşı barəsində də korrupsiya ittihamları irəli sürülüb.