ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların artıq qlobal iqtisadiyyata ciddi təsir göstərdiyi bildirilib.
"PostMedia" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA), Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankının rəhbərlərinin yaydığı birgə yazılı bəyanatda qeyd olunub.
Bəyanatda vurğulanır ki, nəticələr “əhəmiyyətli, qlobal və yüksək dərəcədə asimmetrikdir” və xüsusilə enerji daşıyıcılarının idxalından asılı olan, o cümlədən aşağı gəlirli ölkələrə daha çox təsir edir. Qeyd olunur ki, bu təsir artıq neft, qaz və gübrə qiymətlərinin artması ilə özünü göstərir və ərzaq qiymətləri ilə bağlı da narahatlıqları artırır.
Sənəddə həmçinin bildirilib ki, qlobal tədarük zəncirləri də zərər görüb. Xüsusilə helium, fosfat, alüminium və digər xammalların tədarükündə problemlər yaranıb.
IEA, IMF və Dünya Bankının rəhbərləri əlavə ediblər ki, hava nəqliyyatında yaranan problemlər səbəbindən turizm sektoru da zərər çəkib. Bu vəziyyət xüsusilə Fars körfəzi regionunun əsas aviasiya qovşaqlarına təsir göstərib.
