Avropa İttifaqı (Aİ) Ukraynaya dəstək məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avro vəsait ayıracaq.
"PostMedia" xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.
Bundan əvvəl Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya əlavə olaraq 80 milyon avro da ayırmışdı.
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib ki, bu vəsait Ukraynanın ən çox ehtiyac duyduğu sahələrə yönəldiləcək:
“Bu 1,4 milyard avro ən çox lazım olan yerə – Ukrayna dövlətinin fəaliyyətini davam etdirməsinə yönəldiləcək”.
Bəyanata görə, martın 31-də Avropa İttifaqı Rusiyanın Mərkəzi Bankına məxsus dondurulmuş aktivlərdən 1,4 milyard avro həcmində gözlənilməz gəlir əldə edib. Bu məbləğ Ukraynaya köçürüləcək və həmin vəsait dördüncü tranş olacaq. Üçüncü tranş Ukraynaya 2025-ci ilin avqustunda verilmişdi.
Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Aİ və G7 ölkələri Rusiyanın valyuta ehtiyatlarının təxminən yarısını – təxminən 300 milyard avronu dondurub. Bu vəsaitin təxminən 200 milyard avrosu Avropa İttifaqında, əsasən Belçikada yerləşən dünyanın ən böyük klirinq sistemlərindən biri olan Euroclear hesablarında saxlanılır.
Avropa Komissiyasının məlumatına görə, 2025-ci ilin yanvarından noyabrına qədər Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya ümumilikdə 18,1 milyard avro köçürüb.
Rusiya Xarici İşlər Nazirliyi isə rus aktivlərinin dondurulmasını dəfələrlə “oğurluq” adlandıraraq bildirib ki, Aİ təkcə fiziki şəxslərin vəsaitlərini deyil, həm də Rusiyanın dövlət aktivlərini ələ keçirir.