İran, ABŞ-nin İslam Respublikasına mümkün zərbələr üçün öz sahilləri yaxınlığında əhəmiyyətli dəniz qüvvələri yerləşdirdiyi bir vaxtda, Çindən gəmiəleyhinə qanadlı raketlərin alınması ilə bağlı razılaşmanın bağlanmasına yaxındır.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" altı məlumatlı mənbəyə istinadən yazır.
Mənbələrin bildirdiyinə görə, Çində istehsal olunan "CM-302" raketlərinin tədarükü ilə bağlı razılaşma yekun mərhələyə çatıb, lakin çatdırılma tarixi hələ müəyyən edilməyib. Səsdən sürətli, alçaqdan və yüksək sürətlə uçan bu raketlərin təxminən 290 kilometr mənzili var və onlar hərbi gəmilərin hava hücumundan müdafiə sistemlərini dəf etmək üçün nəzərdə tutulub.
Silahlanma üzrə iki mütəxəssisin sözlərinə görə, bu raketlərin yerləşdirilməsi İranın zərbə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və regionda ABŞ-nin dəniz qüvvələri üçün ciddi təhdid yaradacaq. Çindən raket sistemlərinin alınması üzrə danışıqlar azı iki il əvvəl başlasa da, İsrail və İran arasında iyunda baş vermiş 12 günlük müharibədən sonra kəskin şəkildə sürətlənib. Bu barədə danışıqlardan xəbərdar olan altı nəfər, o cümlədən İran hökumətinə yaxın üç rəsmi və təhlükəsizlik qurumlarından üç mənbə məlumat verib.
Təhlükəsizlik xidmətlərinin iki rəsmisinin sözlərinə görə, ötən yay danışıqlar yekun mərhələyə daxil olduqda, İranın yüksək rütbəli hərbi və hökumət rəsmiləri, o cümlədən müdafiə nazirinin müavini Məsud Orayi, Çinə səfər ediblər.
“Əgər İran bu ərazidə üzən gəmilərə qarşı səsdən sürətli hücum imkanları əldə edərsə, vəziyyət köklü şəkildə dəyişəcək,” – deyə İsrail kəşfiyyatının keçmiş zabiti, hazırda İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun İran üzrə baş tədqiqatçısı Danni Tsitrinoviç bildirib. – “Bu raketləri ələ keçirmək çox çətindir.”
Agentlik razılaşmaya neçə raketin daxil edildiyini, İranın nə qədər ödəməyə razılaşdığını və regionda gərginliyin artması fonunda Çinin bu sazişi hazırda icra edib-etməyəcəyini müəyyənləşdirə bilməyib.
“İran müttəfiqləri ilə hərbi və təhlükəsizlik sazişləri bağlayıb və indi həmin razılaşmalardan faydalanmaq üçün doğru zamandır,” – deyə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi "Reuters"ə bildirib.
BMT-də Çinin nümayəndəliyi "Reuters"in şərh sorğusunu Pekinin Xarici İşlər Nazirliyinə yönləndirib. Çin XİN və Müdafiə Nazirliyi isə sorğulara cavab verməyib.