—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Türkiyə "Eurofighter Typhoon" qırıcılarını üç mənbədən alacaq

23-fevral-2026
Turan Hüseynli
Türkiyə "Eurofighter Typhoon" qırıcılarını üç mənbədən alacaq
Yazı Ölçüsü:

Türkiyə 2025-ci ilin oktyabrında Böyük Britaniya ilə 8 milyard funt sterlinq (10,7 milyard ABŞ dolları) dəyərində müqavilə imzalayaraq 20 ədəd yeni "Eurofighter Typhoon" qırıcısı almaq barədə razılığa gəlib. Böyük Britaniya hökuməti bu sazişi “NATO-nun bütün müttəfiqləri üçün yaxşı model” kimi qiymətləndirib.

"PostMedia" "Milliyet" nəşrinə istinadən xəbər verir ki, Türkiyə eyni zamanda Qətər və Omandan istismardan çıxarılmış 12-şər qırıcı almaqla bağlı razılaşma əldə edib.

Qətərdən alınacaq təyyarələr AESA radarı və "Meteor" raketlərini buraxma imkanı olan "Tranche 3A" versiyasıdır. Omandan alınacaq qırıcılar isə 2028-ci ilin əvvəlində Türkiyəyə çatdırılmazdan öncə Böyük Britaniyada modernləşdiriləcək.

Türkiyə əlavə olaraq Qətərdən daha 12 təyyarə almağı planlaşdırır və beləliklə, bir il ərzində ümumi say 24 Eurofighter Typhoon-a çatacaq. Böyük Britaniyadan sifariş edilmiş "Tranche 4" versiyalı qırıcıların da 2028-ci ildə təhvil verilməsi gözlənilir.

Bir eskadrilya 12–16 təyyarədən ibarət olur. Türkiyə ilkin mərhələdə 24 qırıcı əldə edəcək, ümumi parkın isə 3–4 il ərzində 56 təyyarəyə çatdırılması planlaşdırılır.

Pilotların və texniki heyətin hazırlığı Böyük Britaniyada, Coningsby" aviabazasında keçiriləcək. Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, kontr-admiral Zeki Aktürk bildirib ki, işgüzar səfər fevralın 24–27-də baş tutacaq.

Türkiyənin Eurofighter-lərinin NATO ilə inteqrasiyası artıq təlimlərdə nümayiş etdirilir. Fevralın 20-də "Bayraktar TB3" pilotsuz döyüş uçuş aparatı NATO-nun "Steadfast Dart 2026" təlimləri çərçivəsində Eurofighter qırıcıları ilə birgə əməliyyat icra edib. TB3 səkkiz saat ərzində 1700 km məsafə qət edərək platformanın dayanıqlığını, rabitə imkanlarını və birgə missiyalarda iştirak qabiliyyətini nümayiş etdirib.

Kateqoriyalar