Ermənistan hökuməti dekabrın 25-də keçirilən iclasında ölkədən bir sıra kənd təsərrüfatı məhsullarının ixracına müvəqqəti qadağa qoyulması barədə qərar qəbul edib.
"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, qərara əsasən, Aİİ-yə (Avrasiya İqtisadi İttifaqı) üzv olmayan ölkələrə buğda, arpa, qarabaşaq, qarğıdalı, günəbaxan toxumu və günəbaxan yağının ixracı 6 ay müddətinə dayandırılacaq.
Hökumət bildirir ki, sözügedən məhsullar üzrə daxili istehsal Ermənistan bazarının tələbatını tam ödəmədiyindən əsas ehtiyac idxal hesabına qarşılanır. Bu səbəbdən ixracın məhdudlaşdırılması daxili bazarda sabitliyi qorumağa yönəlib.
Qeyd edək ki, bu ilin iyun ayında da analoji ixrac qadağası 6 aylıq müddətə tətbiq edilmişdi və həmin qərarın qüvvəsi 2026-cı il yanvarın 6-da başa çatır. Yeni qərarla qadağanın müddətinin daha 6 ay uzadılması təklif olunur.
Hökumət vurğulayır ki, bu addım qlobal ərzaq qiymətlərinin artdığı və böhran şəraitinin davam etdiyi dövrdə Aİİ-nin vahid bazarının fasiləsiz fəaliyyətini təmin etməyə xidmət edəcək.