Rusiya Ermənistanla Azərbaycanı birləşdirən dəmiryolu xəttini çəkmək istəyir
02-aprel-2026
Yazı Ölçüsü:
"Rusiyalı mütəxəssislər Ermənistanın dəmir yollarının qonşu ölkələrlə əlaqə yaratmaq üçün lazım olan hissələrini qısa müddətdə bərpa edə bilərlər".
"PostMedia" xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Baş nazirin müavini xatırladıb ki, 2025-ci ilin dekabrında erməni tərəfi “ən yüksək səviyyədə” Rusiyadan Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə sərhədləri yaxınlığında yerləşən iki qısa dəmir yolu hissəsinin bərpasını xahiş edib. Bu hissələrin ümumi uzunluğu təxminən 12–13 km təşkil edir.
Overçukun sözlərinə görə, bu müraciət Rusiyada ən yüksək səviyyədə müzakirə olunub və müsbət cavab verilib.
“Biz Ermənistanın dost xalqını dəstəkləyirik. Bu iki hissənin bərpası ölkəmizin maraqlarına uyğundur və əlbəttə ki, müvafiq danışıqlara hazırıq”, – deyə o bildirib.
O qeyd edib ki, Rusiyanın həmin marşrutların bərpasına kömək təklifinə cavab olaraq Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, “rus konsessiyası Ermənistanın inkişafına maneələr yaradır, çünki rus nəzarəti səbəbindən heç kim bu marşrutdan istifadə etməyəcək”. Paşinyan Rusiyaya konsessiyanı həm Rusiya, həm də Ermənistan üçün dost olan bir ölkəyə satmağı təklif edib.
Overçuk bu mövqeyə belə reaksiya verib:
“Əgər Rusiyanın regionda nəqliyyat əlaqələrinin inkişafında davamlı iştirakını görmürsünüzsə, bəs niyə bu marşrutların bərpası üçün Rusiyanı dəvət etdiniz? Bir şey deyib başqa cür davranmaq, razılaşın ki, münasibətləri inkişaf etdirməyin ən yaxşı yolu deyil”.
Onun sözlərinə görə, Paşinyanın müsahibəsi göstərib ki, rus dəmir yolu şirkətinin Ermənistandakı mövcudluğu ölkənin rəqabət üstünlüklərini reallaşdırmasına maneə hesab olunur, çünki bəzi dövlətlər həmin ölkədə rus şirkətinin olmasını istəmir.
Baş nazirin müavini vurğulayıb ki, rus dəmiryolçular dəmir yollarının tikintisi və bərpasında böyük təcrübəyə malikdirlər.
O xatırladıb ki, 2024-cü ilin may–iyun aylarında təbii fəlakət nəticəsində Ermənistanı xarici dünya ilə birləşdirən yeganə dəmir yolunun bir hissəsi dağılanda Rusiya qısa müddətdə köməyə gəlib.
“Həmin vaxt Ermənistan çətin vəziyyətdə idi. Prezident Vladimir Putin qərar verdikdən sonra Rusiya dərhal köməyə gəldi və dəmir yolu əlaqəsi üç həftə ərzində bərpa olundu. Deməli, bu 10–15 kilometrlik hissəni də çox tez bərpa etmək mümkündür”, – deyə Overçuk bildirib.
Onun sözlərinə görə, Ermənistanın bərpa etmək istədiyi dəmir yolu hissələrinin perspektivləri isə kifayət qədər məhduddur. O qeyd edib ki, bu yaxınlarda rus nümayəndə heyəti İrəvandan qayıdıb və orada həmin iki hissənin bərpası üçün vəsait cəlb edilməsi və qaytarılması şərtlərini müzakirə edib.
Overçuk bildirib ki, rus mütəxəssislərin fikrincə, bu qısa hissələrin bərpası kommersiya layihəsi kimi qiymətləndirilir.
“Biz fikirlərimizi bölüşdük, rus təkliflərini erməni tərəfdaşlarımıza təqdim etdik və danışıqlar davam edir”, – deyə o qeyd edib.
Baş nazirin müavini əlavə edib ki, bu layihələrdən gəlir əldə etmək və hətta kiçik investisiyaların geri qaytarılması üçün pul axını yaratmaq perspektivləri məhduddur. Onun sözlərinə görə, bu, Ermənistan dəmir yollarının Rusiyanın konsessiyası altında olması ilə deyil, Gürcüstan, İran və Rusiya üzərindən alternativ marşrutların mövcudluğu, eləcə də Xəzər dənizi ilə bağlı obyektiv amillərlə bağlıdır.