Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan enerji kabeli layihəsi həm Gürcüstan, həm də Avropa üçün strateji əhəmiyyət daşıyır.
"PostMedia" xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İnqa Pxaladze bildirib.
Onun sözlərinə görə, bu layihə Avropaya Cənubi Qafqaz ölkələri ilə birbaşa elektrik ticarəti aparmaq imkanı yaradacaq.
Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan hökumətləri kabel layihəsinə dair sazişi 2022-ci ilin dekabrında imzalayıb. Tbilisi uzun müddətdir ki, ölkənin bərpa olunan enerji potensialını və tranzit imkanlarını Avropa bazarı üçün cəlbedici element kimi təqdim edir.
Pxaladze qeyd edib ki, Gürcüstan və Rumıniya arasında əməkdaşlıq regional enerji inteqrasiyası baxımından xüsusi strateji əhəmiyyət daşıyır. O bildirib ki, layihə Avropa Komissiyasının 2025-ci ilin sonunadək “qarşılıqlı maraq doğuran layihələr” siyahısına daxil edilməsi üçün təqdim olunan ilkin siyahıda yer alıb və Avropa Enerji Birliyinin dəstək məktubu ilə müşayiət olunub.
Nazir müavininin sözlərinə görə, Avropa Komissiyasının bu addımı layihənin özləri üçün də mühüm olduğunu təsdiqləyir. Pxaladze əlavə edib ki, Gürcüstanda hazırda bütün bərpa olunan mənbələrdən istifadə etməklə elektrik istehsalının diversifikasiyası prosesi gedir və bu, ölkənin “yaşıl enerji”sini həm Avropa, həm də Asiya üçün daha da cəlbedici edir.