N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Qazaxıstan “Rosneft”ə qarşı sanksiyalara görə Rusiyadan Çinə neft tranzitini dayandıra bilər

03-dekabr-2025
Turan Hüseynli
Qazaxıstan “Rosneft”ə qarşı sanksiyalara görə Rusiyadan Çinə neft tranzitini dayandıra bilər
Yazı Ölçüsü:

ABŞ-ın “Rosneft”ə tətbiq etdiyi sanksiyalar səbəbindən Rusiyanın Qazaxıstan üzərindən Çinə neft nəqli sual altına düşüb.

PostMedia”nın məlumatlna görə, bu barədə RTVI Qazaxıstanın neft-qaz sektorundakı mənbələrə istinadən xəbər verir.

“Rosneft” Atasu–Alaşankou kəməri vasitəsilə Qərbi Sibir yataqlarından Çinə ildə təxminən 10 milyon ton neft ötürür. Milli boru kəməri operatoru “KazTransOil” bu tranzit üçün 2023-cü ildə imzalanmış müqaviləyə əsasən hər ton üçün 15 dollar qazanır.

Bu tədarüklərin gələcəyi ABŞ Maliyyə Nazirliyinin qərarından asılı olacaq. Nazirlik oktyabr ayında “Rosneft”ə qarşı bloklayıcı sanksiyalar tətbiq edib və şirkətlə bütün əməliyyatları qadağan edib. Qazaxıstanın Energetika Nazirliyi Vaşinqtona yeni şəraitdə necə fəaliyyət göstərmək barədə izahat üçün sorğu göndərib.

RTVI-nin mənbələrinin sözlərinə görə, əgər ABŞ ümumi lisenziya verib boru kəmərini sanksiyalardan azad edərsə, tədarük əvvəlki həcmdə davam edəcək. Lisenziya verilməsə, Qazaxıstan iki seçim qarşısında qalacaq: ya tranziti dayandırmaq, ya da “KazTransOil”ə qarşı ikinci dərəcəli sanksiyalara məruz qalmaq.

Qazaxıstan rəsmiləri ABŞ və Aİ nümayəndələri ilə danışıqlarda vurğulayıblar ki, ölkə əvvəlcədən götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməlidir və Qərb tərəfdaşları bu mövqeyi anlayışla qarşılayır. Lisenziya əldə olunandan sonra “Rosneft” ilə Qazaxıstan arasında ödənişlərin – təxminən 150 milyon dolların – milli valyutalara keçiriləcəyi bildirilib.

Çin rus neftinin böyük hissəsini dəniz yolu ilə alır – gündəlik təxminən 1–1,5 milyon barel. Sanksiyalardan sonra dövlət şirkətləri Sinopec və PetroChina, eləcə də özəl emal zavodları bu tədarüklərdən imtina etməyə başlayıblar. Kpler şirkətinin hesablamalarına görə, Çinin Rusiyadan neft idxalı noyabrda 36% azalaraq gündə 926 min barelə düşə bilər.

Kpler analitiki Yohannes Raubalın fikrincə, sanksiyalar səbəbindən Çinə gündəlik tədarük olunan 300–400 min barel risk altındadır. Dövlət neft emalı zavodları adətən sanksiyalarla bağlı risklərə qarşı daha ehtiyatlı davranır, özəl zavodlar isə böyük endirimlərə görə rus neftinə qayıda bilərlər.

Raubal qeyd edir ki, Çin, çox güman ki, Rusiyadan əvvəlki həcmdə neft almağa davam edəcək, amma vasitəçilər üzərindən – artıq sınaqdan keçirilmiş sxemlə:

“Əgər barellər üçüncü tərəf ticarət şirkətləri vasitəsilə göndərilirsə və onlar etibarlı şəkildə sübut edə bilirlərsə ki, bu neft ‘Rosneft’ və ya ‘Lukoil’ə məxsus deyil, emal zavodları endirimlərlə tədarük qəbul edə bilər. Bu isə sanksiya altındakı əlaqələrin görünməsini minimuma endirəcək.”

Kateqoriyalar