Litvanın dəmir yolları (LTG) ABŞ və Böyük Britaniyanın yeni sanksiyalarından sonra Rusiyanın “Lukoyl” şirkətinə məxsus yüklərin Kalininqrada tranzitini dayandırıb.
"PostMedia" xəbər verir ki, bu barədə LRT nəşri məlumat yayıb.
LTG-nin baş direktoru Egidius Lazauskas açıqlamasında bildirib ki, bu addım biznes risklərini idarə etmək və müqaviməti artırmaq məqsədilə atılmış ardıcıl addımdır və bütün qrupun dəyərlərinə uyğun gəlir.
Sanksiyalar həmçinin “Rosneft” və onun törəmə şirkətlərinə də aiddir. Lakin LTG-nin məlumatına görə, son illərdə “Rosneft” məhsulları dəmiryolu ilə Kalininqrada daşınmayıb.
ABŞ oktyabr ayında “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı sanksiyaları elan edib. Bu, ABŞ Prezidenti Donald Trampın Rusiyanın Prezidenti Vladimir Putini Ukraynada sülh prosesini rədd etməkdə ittiham etməsindən sonra baş verib.
Sanksiyalar 21 noyabrdan qüvvəyə minir.