ABŞ-ın ən böyük inteqrasiya olunmuş enerji şirkətlərindən biri olan "Chevron" rusiyalı “LukOil” şirkətinin xaricdəki aktivlərinin alınması imkanlarını araşdırır.
"PostMedia"nın məlumatına görə, bu barədə "Reuters" beş fərqli mənbəyə istinadla xəbər verib.
Məlumata görə, "Chevron" bütün aktivləri deyil, yalnız öz biznes istiqamətləri ilə kəsişən layihələri almaq variantlarını öyrənir. Şirkət agentliyə bildirib ki, biznesinə aid bütün qanun və qaydalara əməl edir, lakin kommersiya məsələlərini şərh etmir.
"Chevron Corporation" dünyanın ən böyük inteqrasiya olunmuş enerji şirkətlərindən biridir. Şirkətin fəaliyyəti neft kəşfiyyatından və hasilatından tutmuş, emal, nəqliyyat və yanacaq satışına qədər bütün mərhələləri əhatə edir.
2024-cü ildə mərkəzi Kaliforniyadan Texas ştatına köçürülən korporasiya müxtəlif sənaye sahələri üçün mühərrik və transmissiya yağları, texniki mayelər, xüsusi sürtgülər istehsal edir. Şirkətin istehsal və kommersiya bölmələri dünyanın 120-dən çox ölkəsində fəaliyyət göstərir. Onun portfelinə "Chevron", "Texaco" və "Caltex" kimi brendlər daxildir və bu brendlərlə həm ABŞ, həm də Avropada yanacaqdoldurma şəbəkələri çalışır.
Bundan əvvəl "Reuters" yazmışdı ki, “LukOil”ın xarici aktivlərinin alınması ilə maraqlanan digər potensial alıcılar arasında ABŞ-nin özəl investisiya şirkəti "Carlyle" də var.
“LukOil” oktyabrın sonunda ABŞ Maliyyə Nazirliyinin özünə və “Rosneft”ə qarşı sanksiyalar tətbiq etməsindən sonra xaricdəki aktivlərini satmaq qərarına gəlib. Nazirlik bu addımı Rusiyanın “sülh prosesinə ciddi maraq göstərməməsi” ilə izah edib. Daha sonra ABŞ Maliyyə Nazirliyi “LukOil”in beynəlxalq biznesinin satışı ilə bağlı əməliyyatlara müvəqqəti icazə verib.
Moskva sanksiyaları qanunsuz adlandırıb. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, sanksiyalar “ciddi xarakter daşıyır” və müəyyən nəticələri olacaq, lakin ölkənin ümumi “iqtisadi vəziyyətinə ciddi təsir etməyəcək”.
“LukOil”in xarici aktivlərinin satışı və xaricdəki AES-lərin (atom-elektrik stansiyalarının) xidmət göstərilməsi ilə bağlı əməliyyatlara 13 dekabradək icazə verilir. Şirkət bir neçə potensial alıcı ilə danışıqlar apardığını təsdiqləyib.