Vahid Ələkbərov "lukOil"a qarşı sanskiyaları İraqın Baş naziri ilə müzakirə edib
17-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani "LukOil"ın təsisçisi Vahid Ələkbərovla görüşərək ABŞ-nin rus şirkətinə tətbiq etdiyi sanksiyalardan sonra neft hasilatı ilə bağlı vəziyyətin stabilləşdirilməsi yollarını müzakirə edib.
"PostMedia" xəbər verir ki, bu barədə İraq Baş nazirinin kabineti məlumat verib.
V.Ələkbərov 2022-ci ildə Böyük Britaniya sanksiyaları səbəbindən 30 illik "LukOil" prezident vəzifəsindən istefa verib və şirkətin idarə heyətindən çıxıb.
Görüşdə həmçinin neft tədarükünün stabilləşdirilməsi və ABŞ sanksiyalarının İraqda neft hasilatına təsir etməsinin qarşısının alınması məsələləri müzakirə olunub. Baş nazir əs-Sudani bildirib ki, İraq dünya neft bazarında sabitliyə, istehsalçı və istehlakçı maraqlarının qorunmasına və müəyyən edilmiş həcmdə neft hasilatının davam etdirilməsinə sadiqdir.
"LukOil" İraqda ən böyük neft yatağı olan "Qərbi Kurna-2"nin operatorudur.
"Reuters"in məlumatına görə, 10 noyabrda LUKOIL həmin yataqda qüvvədənkənar vəziyyət elan edib, İraq isə rus şirkətinə nağd ödənişləri dayandırıb. Eco Iraq Observatory-nin məlumatına görə, ABŞ sanksiyaları nəticəsində yataqda çalışan təxminən 1,3 min iraqlı işçinin maaşları gecikib.
"Qərbi Kurna-2" yatağı 2010-cu ilin yanvarında imzalanmış xidmət müqaviləsi əsasında işlənir. Müqavilənin müddəti 25 ildir. Layihədə "LukOil"ın payı 75%, qalan 25% isə İraq dövlət şirkəti "North Oil Company"yə aiddir. Müqaviləyə əsasən, bütün layihə xərclərini "LukOil" qarşılayır, ""North Oil Company" isə yalnız payına uyğun qazanc əldə edir.
ABŞ "LukOil" və "Rosneft"ə qarşı sanksiyaları oktyabrın sonunda elan edib və bunu “Rusiyanın sülh prosesində ciddi marağı olmaması” ilə izah edib. Həmin vaxt "LukOil" xarici aktivlərini satmaq niyyətini açıqlayıb. Potensial alıcı Gunvor treyderi olub, lakin ABŞ Maliyyə Nazirliyinin etirazına görə razılaşma baş tutmayıb.
Noyabrın 14-də "LukOil" xarici aktivlərin satışına dair bir neçə potensial alıcı ilə danışıqların davam etdiyini bildirib və yekun razılıq əldə olunduqdan sonra rəsmi məlumat verəcəyini açıqlayıb.