"Gunvor" "Lukoil"un xarici aktivlərini almaq təklifini geri götürüb
07-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Beynəlxalq neft ticarəti şirkəti "Gunvor", ABŞ Maliyyə Nazirliyinin ona lisenziya verməkdən imtina etməsindən sonra "Lukoil"un xarici aktivlərini almaq təklifini geri götürdüyünü açıqlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə şirkətin 6 noyabrda X (keçmiş Twitter) platformasında yaydığı bəyanatda qeyd olunur:
“ABŞ Maliyyə Nazirliyinin "Gunvor" barədə verdiyi açıqlama tamamilə səhv və əsassızdır. Biz bu açıq anlaşılmazlığı düzəltmək imkanını alqışlayırıq. Eyni zamanda "Gunvor" "Lukoil"un xarici aktivlərini almaqla bağlı təklifindən imtina edir”.
ABŞ Maliyyə Nazirliyi daha əvvəl bildirmişdi ki, Ukraynadakı münaqişə bitənədək "Gunvor"a biznes fəaliyyəti və mənfəət əldə etməyə icazə verən heç bir lisenziya verilməyəcək. Nazirlik hansı lisenziyadan söhbət getdiyini dəqiqləşdirməyib, lakin "Gunvor"un Rusiya tərəfindən idarə olunduğunu iddia edib.
Xatırladaq ki, oktyabr ayında ABŞ və Böyük Britaniya hökumətləri Rusiyanın ən böyük neft şirkətlərindən biri olan "Lukoil" sanksiyalar siyahısına əlavə etmişdilər. Bununla belə, ABŞ sanksiyaları Xəzər Boru Kəməri Konsorsiumu (CPC) və Tengizchevroil layihəsinə aid əməliyyatlara şamil edilmir. Böyük Britaniya sanksiyaları isə Qazaxıstandakı Karachaganak və Xəzər dənizindəki "Şah Dəniz" layihələrini əhatə etmir.
Sanksiyalardan sonra "Lukoil", tətbiq olunan məhdudiyyətlərə görə öz beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlamışdı. Şirkətə bu aktivləri almaq üçün Gunvor tərəfindən təklif göndərilmişdi. Bu aktivlər "Lukoil" International GmbH vasitəsilə idarə olunurdu.
Gunvor-un təklifi geri çəkməsi ilə Lukoil-in xarici bölmələrinin gələcəyi hələlik naməlum olaraq qalır.