Sanksiyalarla əlaqədar “Lukoil” noyabr ayında Xəzər dənizindəki yataqlarından hasil edilən neftin Bakı limanına daşınmasını dayandıracaq və onu Rusiya vasitəsilə — Mahaçqala limanından Novorossiysk istiqamətində nəql etməyə başlayacaq.
“PostMedia” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Rusiya bayrağı altında üzən “Lady Leila” adlı neft tankeri cümə axşamı Mahaçqalaya çatacaq və oraya “Lukoil”un Xəzərin dayaz hissəsində yerləşən “Korçagin” yatağından təxminən 5 min ton xam neft gətirəcək.
Şirkət xarici biznes fəaliyyətini davam etdirməkdə çətinliklərlə üzləşib, çünki ABŞ və Böyük Britaniya oktyabr ayında Rusiyanın ikinci ən böyük neft şirkətinə qarşı sanksiyalar tətbiq ediblər. ABŞ Maliyyə Nazirliyi digər şirkətlərə 21 noyabra qədər “Lukoil” və “Rosneft” ilə istənilən əməliyyatı dayandırmaq üçün vaxt verib.
“Lukoil” hazırda Xəzərdəki “Filanovski” və “Korçagin” yataqlarından neft hasil edir. Bu neft əvvəllər Bakı–Tbilisi–Ceyhan (BTC) kəməri ilə “BTC Blend” markası altında ixrac olunurdu. Lakin 2022-ci ildən etibarən “Lukoil” bu ixracı dayandırmalı olub, çünki kəmərin sahibləri arasında xarici şirkətlər, o cümlədən Böyük Britaniyanın BP şirkəti var. Bundan sonra şirkət nefti SOCAR-a məxsus Azərbaycan neft emalı zavodlarına tədarük etməyə başlayıb.
“Lukoil” eyni zamanda Xəzər yataqlarından hasil etdiyi neftin bir hissəsini Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) yönəldir.
Mənbələrin sözlərinə görə, noyabr ayında “Lukoil”Mahaçqalaya təxminən 30 min ton xam neft göndərəcək, dekabrdan etibarən isə Bakıya tədarük edilən bütün həcmlər, təxminən 130 min ton Rusiyanın limanlarına yönləndiriləcək.
Mahaçqaladan neft boru kəməri ilə Qara dənizdəki Novorossiysk limanına ixrac üçün göndəriləcək.
“Lukoil”un neftindən əlavə, Mahaçqala–Novorossiysk marşrutu ilə hər ay təxminən 170 min ton Qazaxıstan nefti də daşınır və bu həcmin azalmayacağı gözlənilir. “Aktau” limanından Mahaçqalaya Qazaxıstan nefti daşıyan tankerlər adi qaydada fəaliyyətini davam etdirir,” – deyə mənbə bildirib.
Mənbələrin məlumatına görə, Mahaçqala neft terminalının aylıq ötürmə gücü təxminən 400 min ton təşkil edir.
Mahaçqala ticarət dəniz limanı Rusiyanın Xəzər dənizində buzdan azad yeganə dərin su limanıdır. Tankerlərdən boşaldılan xam neft əvvəlcə Dagnefteprodukt anbarına köçürülür, daha sonra Mahaçqala–Novorossiysk boru kəmərinə vurulur. Bu kəmər Bakı–Novorossiysk nəqliyyat sisteminin bir hissəsidir.