Azərbaycan Türkiyənin qaz tədarükündə əhəmiyyətli paya malikdir - KİV
05-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Türkiyə və Rusiya arasında ilin sonunda müddəti başa çatan iki əsas təbii qaz müqaviləsinin yenilənməsi istiqamətində danışıqlar aparılır.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Məlumata görə, “Qazprom” və Türkiyənin BOTAŞ şirkəti arasında aparılan görüşlərdə məqsəd illik 22 milyard kubmetr qaz axınının qorunub saxlanılmasıdır.
Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları gücləndirməsi fonunda bu razılaşmalar yenidən gündəmə gəlib. Donald Tramp administrasiyası Ukraynadakı müharibəni maliyyələşdirən enerji gəlirlərini azaltmaq üçün Ankaraya da təzyiq göstərir. ABŞ-ın keçən ay Rusiyanın ən böyük iki neft şirkətinə sanksiya tətbiq etməsindən sonra, Türkiyə neft emalı müəssisələri Rus xam nefti idxalını azaltmağa başlayıb.
Ankara, uzun müddətdir Rus qazından asılılığı azaltmaq üçün addımlar atır. Qərbin məhdudiyyətlərinə baxmayaraq, Türkiyə Rus qazı almağa davam edir, lakin eyni zamanda ABŞ və digər ölkələrdən LNG (sıxılmış təbii qaz) idxalını artırır. Bundan əlavə, Qara dənizdə hasil edilən yerli qaz ehtiyatlarının artması nəticəsində ölkənin yaxın illərdə qaz artıqlığına sahib ola biləcəyi gözlənilir.
Avropa bazarının böyük hissəsini itirən “Qazprom” üçün Türkiyə ən vacib alıcılardan biri olaraq qalır.
"Bloomberg"in EPDK məlumatlarına əsasən, Rusiya ötən il Türkiyəyə 21,6 milyard kubmetr qaz tədarük edib. Bu göstərici ilə Türkiyə, Çindən sonra Rusiyanın ikinci ən böyük boru xətti qaz alıcısı olub.
Bu vəziyyət həm “Qazprom”un gəlirlərini qoruyur, həm də Türkiyəyə qiymət endirimi üzrə danışıqlarda üstün mövqe qazandırır.
Türkiyə Avropanın dördüncü ən böyük qaz bazarı hesab olunur və istehlakının demək olar ki, hamısını idxal vasitəsilə təmin edir. Rusiyanın yanaşı, İran və Azərbaycan da ölkənin qaz tədarükündə əhəmiyyətli paya malikdir.
Beləliklə, Ankara balans siyasətini qorumağa çalışır — bir tərəfdən Qərbin təzyiqləri, digər tərəfdən isə enerji təhlükəsizliyi üçün vacib olan Rusiya və qonşu tədarükçülərlə əlaqələr arasında.