SOCAR-ın Türkiyədəki STAR zavodu Rusiya neftindən istifadəni dayandırıb - Reuters
03-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Türkiyənin ən böyük neft emalı zavodları Qərbin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara cavab olaraq Rusiyadan deyil, alternativ ölkələrdən daha çox xam neft almağa başlayıblar.
"PostMedia" xəbər verir ki, bu barədə məsələyə yaxın iki mənbə və bir neçə sənaye nümayəndəsi “Reuters”ə bildirib.
Türkiyə, Çin və Hindistanla birlikdə, Rus xam neftinin əsas alıcılarından biridir. Lakin indi Türkiyə emalçıları da Hindistanın addımlarını təkrarlayaraq, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın Ukraynadakı müharibəni maliyyələşdirmək üçün istifadə edilən rus neft satışlarını məhdudlaşdırmaq səylərinin təsirini hiss etdirirlər.
Mənbələrin sözlərinə görə, Azərbaycanın SOCAR şirkətinə məxsus SOCAR Turkey Aegean Refinery (STAR) zavodu bu yaxınlarda İraq, Qazaxıstan və digər Rusiya mənşəli olmayan istehsalçılardan dörd tanker xam neft alıb. Bu partiyalar dekabr ayında Türkiyəyə çatacaq.
Bu, gündə 77 000–129 000 barrel Rusiya mənşəli olmayan neft deməkdir və bu da SOCAR-ın rus neftindən asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.
“Kpler” sistemində qeydə alınan məlumatlara görə, oktyabr və sentyabr aylarında STAR zavodunda işlənən neftin demək olar ki, hamısı Rusiyadan gətirilmişdi. Bu göstəricisi isə təxminən gündə 210 000 barrel olub.
Mənbələrin bildirdiyinə görə, bu dörd partiyadan biri Qazaxıstanın KEBCO markalı neftidir — keyfiyyət baxımından Rusiya “Urals” markasına bənzəyir, amma mənşəcə Qazaxıstandandır. STAR zavodu bu il yalnız bir dəfə Qazaxıstan nefti almışdı və 2024-cü ildə ümumiyyətlə almamışdı.
Türkiyənin digər böyük emalçısı "Tüpraş" da Rus “Urals” markasına bənzər, lakin Rusiya mənşəli olmayan — məsələn, İraq nefti kimi markalardan alışını artırır.
"Tüpraş" yaxın zamanda zavodlarından birində Rus neftindən tamamilə imtina etməyi planlaşdırır ki, Aİ-nin tətbiq etdiyi yeni sanksiyalara zidd getmədən Avropaya yanacaq ixracını davam etdirə bilsin. Digər zavodda isə Rusiya mənşəli neftin istifadəsi hələlik davam edəcək.
SOCAR məsələyə şərh verməkdən imtina edib, "Tüpraş" isə “Reuters”in sorğusuna cavab verməyib.
"Tüpraş" bu il neft tədarükünü şaxələndirib: ilk dəfə Braziliyadan xam neft alıb və noyabrın əvvəlində ikinci Anqola mənşəli “Mostarda” partiyasını qəbul edəcək.