Türkiyə təbii qaz sahəsində Azərbaycan və Rusiya ilə əməkdaşlığı davam etdirir
30-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Türkiyə Azərbaycan və Rusiya ilə qaz sahəsində fəal əməkdaşlığı davam etdirir və regionun enerji mərkəzinə çevrilib.
"PostMedia" xəbər verir ki, bunu Türkiyə Energetika naziri Alparslan Bayraktar İstanbulda keçirilən Veron Avrasiya İqtisadi Forumunda səsləndirib. Onun sözlərinə görə, 2016-cı ildən bəri Türkiyənin qaz istehlakı beş dəfə artıb.
“Qaz hasilatı bizim enerji strategiyamızda mühüm yer tutur. Hazırda milyonlarla ailə və sənaye müəssisəsi təbii qazdan istifadə edir. Biz Rusiya və Azərbaycanla qaz sahəsində əməkdaşlığı davam etdiririk. Türkiyə artıq təkcə öz ehtiyaclarını təmin etmir, həm də regionun enerji mərkəzinə çevrilib — qaz tədarükünü həm Qərbə, həm də Şərqə yönəldirik”, – deyə Bayraktar qeyd edib.
Nazir əlavə edib ki, ölkədə Qara dənizdəki “Sakarya” yatağında qaz hasilatı və “Gabar” neft yatağında gündə 80 min barrel hasilat davam edir. Bu layihələr Türkiyənin enerji müstəqilliyini gücləndirməklə yanaşı, regionda yeni tərəfdaşlıq imkanları yaradır.