Rusiyanın ORTK yanacaqdoldurma məntəqələri şəbəkəsi Moskva regionunda benzin satışını məhdudlaşdırıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Msk1.ru" və “Ostorojno, Moskva” nəşrləri məlumat yayıb.
"Msk1"in müxbiri Troitskndə yerləşən yanacaqdoldurma məntəqələrindən birində asılmış elanının fotosunu dərc edib. Elana əsasən, mayın 30-dan etibarən və “növbəti göstərişə qədər” bir nəfərə maksimum 60 litr benzin və 100 litr dizel yanacağı satılır.
Şirkətin ofisindən bildirilib ki, məhdudiyyətlər bütün şəbəkə üzrə tətbiq olunub. Qərarın səbəbi isə hələlik açıqlanmayıb.
"Rosneft" və "Tatneft" şirkətləri nəşrə bildiriblər ki, onların yanacaqdoldurma məntəqələrində ümumi məhdudiyyət yoxdur, lakin vəziyyətdən asılı olaraq bəzi məntəqələrdə limitlər tətbiq edilə bilər. "LukOil" isə dizel yanacağı üçün məhdudiyyət olmadığını, benzinin isə bir nəfərə maksimum 100 litr satıldığını açıqlayıb. "Qazprom" isə Moskva və vilayətdə həm benzin, həm də dizel yanacağı üzrə məhdudiyyətlərin (bir nəfərə 100–150 litr) qüvvədə olduğunu bildirib.
“Fontanka” nəşri iyunun 2-də yazıb ki, mayın sonlarından etibarən oxucular Sankt-Peterburq şəhərində də benzin satışına qoyulan məhdudiyyətlərlə üzləşirlər. Məlumata görə, şəhərdən uzaqda yerləşən bir neçə yanacaqdoldurma məntəqəsində yanacaq verilişinin məhdudlaşdırılması barədə xəbərdarlıqlar yerləşdirilib.
"Kirişiavtoservis" şəbəkəsinin qaynar xəttindən bildirilib ki, bəzi məntəqələrdə “son hadisələr səbəbindən” benzin satışı müvəqqəti olaraq məhdudlaşdırılıb və bir çek üzrə maksimum 50 litr yanacaq buraxılır.
Sankt-Peterburq yaxınlığındakı iri neft bazalarından birinin rəhbərinin sözlərinə görə, ən problemli yanacaq növü AI-95 markalı benzindir. Onun istehsal həcmləri, xüsusilə Kirişi şəhərində və "Rosneft"in Yaroslavl zavodunda nəzərəçarpacaq dərəcədə azalıb.
O əlavə edib ki, problem genişmiqyaslı xarakter daşımır. Benzinin müvəqqəti çatışmazlığı əsasən uzaq rayonlarda yerləşən, az tanınan və aşağı satış həcminə malik ayrı-ayrı yanacaqdoldurma məntəqələrində müşahidə olunur.