Rusiya mayın 1-dən etibarən “Drujba” neft kəməri vasitəsilə Qazaxıstandan Almaniyaya neft ixracını dayandırmağı planlaşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" agentliyi sahə üzrə üç mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Qazaxıstan və Almaniyaya neft tədarükü ilə bağlı yenilənmiş qrafik artıq göndərilib. Agentlik qeyd edir ki, bu addım Almaniyanın enerji təminatı ilə bağlı qeyri-müəyyənliyi daha da artıracaq. Çünki İran ətrafında davam edən gərginlik Yaxın Şərqdən enerji tədarükünə təsir göstərir, Ukrayna müharibəsi fonunda isə Berlinin Moskva ilə uzunmüddətli enerji əlaqələri artıq zəifləyib.
“Drujba” kəməri ilə Qazaxıstan neftinin Almaniyaya ixracı 2025-ci ildə 2 milyon 146 min ton (gündəlik təxminən 43 min barel) təşkil edib. Bu, 2024-cü illə müqayisədə 44% çoxdur. 2026-cı ilin ilk rübündə isə bu rəqəm 730 min ton olub.
İxracın tam dayandırılması Almaniyanın ən böyük neft emalı müəssisələrindən biri olan Şvedt şəhərindəki PCK zavoduna ciddi təsir göstərə bilər. Hesablamalara görə, zavodun emal etdiyi neftin təxminən 17%-i itiriləcək. Qeyd olunur ki, bu zavodda istehsal olunan yanacaq Berlin və Brandenburq bölgəsində hər 10 avtomobildən 9-u tərəfindən istifadə olunur.
Kremlin sözçüsü Dmitry Peskov isə bildirib ki, ixracın dayandırılması ilə bağlı ona hər hansı məlumat daxil olmayıb və məsələ araşdırılacaq.
Xatırladaq ki, Almaniya ilə Rusiyanın siyasi və iqtisadi münasibətləri Ukrayna müharibəsindən sonra ciddi şəkildə pisləşib. 2023-cü ildən etibarən Qazaxıstan nefti “Drujba” kəmərinin Polşadan keçən şimal qoluyla daşınırdı. Lakin kəmərin Rusiya hissəsində baş verən hücumlar səbəbindən tədarük bir neçə dəfə kəsilib.
Polşanın boru kəməri operatoru PERN isə bildirib ki, ehtiyac yaranacağı halda Qdansk limanı vasitəsilə PCK zavodunun xarici səhmdarları üçün alternativ tədarük təşkil etməyə hazırdır. Zavodun səhmdarları arasında "Rosneft", "Shell" və "Eni" yer alır.