Ukraynada müharibə başlayandan bəri Rusiyanın neft gəlirləri ən aşağı səviyyəyə enib
09-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Ukraynada müharibə başlayandan bəri Rusiyanın neftdən əldə etdiyi gəlirlər ən aşağı səviyyəyə düşüb. Bu barədə Bloomberg yazır.
Məlumata görə, Rusiya neftinin ixracındakı azalma 2025-ci ilin sonu və 2026-cı ilin əvvəllərində kəskinləşib. Qiymətlərin ardıcıl 14-cü dəfə ucuzlaşması ilə birlikdə bu proses rus neftinin tədarükünün ümumi dəyərinin 2022-ci ilin fevralında müharibə başlayandan bəri ən aşağı səviyyəyə enməsinə səbəb olub.
Qeyd olunur ki, yanvarın 4-dək olan dörd həftə ərzində Rusiya gündəlik 3,43 milyon barelədək neft tədarük edib ki, bu da dekabrın 21-dək olan dövrlə müqayisədə 440 min barel azdır. DW-nin məlumatına görə, Sakit okean regionunun əsas limanlarından biri olan Kozmino limanından tədarükün azalması bu prosesdə mühüm rol oynayıb. Tədarükdəki qeyri-sabitlik həmçinin hava şəraiti, sanksiyaların təsiri və daşınma qrafikləri ilə izah olunur.
Bloomberg bildirir ki, rus neftinin qiymətləri dünya bazarındakı digər neft növləri ilə müqayisədə daha kəskin ucuzlaşıb. Buna səbəb ABŞ-ın oktyabr ayında Rusiyanın iki ən iri ixracatçısı – “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar olub. Tədarük həcmlərinin azalması eyni zamanda Ukraynanın Rusiyanın neft infrastrukturuna davamlı hücumları ilə də bağlıdır.
Məsələn, Qara dənizdə gəmilərə qarşı pilotsuz uçuş aparatları ilə hücumlar rus tankerlerini Novorossiyskdən Türkiyə sahilləri boyunca daha cənub marşrutları seçməyə məcbur edib.