N/A°C Bakı
1$ = 1.70₼
Energetika

ABŞ Venesuela neftinin satışına başlanıldığını açıqlayıb

07-yanvar-2026
Türkan Nəbi
ABŞ Venesuela neftinin satışına başlanıldığını açıqlayıb
Yazı Ölçüsü:

ABŞ Energetika Nazirliyi Venesuelaya məxsus neftin satışına dərhal başlanıldığını və bu prosesin müddətsiz davam edəcəyini bəyan edib. İlkin mərhələdə təxminən 30–50 milyon barel xam neftin satışa çıxarılması planlaşdırılır.

"PostMedia"nın məlumatına görə, Nazirliyin açıqlamasında bildirilir ki, Venesuela xam nefti və neft məhsullarının satışından əldə edilən bütün vəsait əvvəlcə ABŞ nəzarətində olan, beynəlxalq səviyyədə tanınmış banklardakı hesablara yönəldiləcək. Qeyd olunur ki, neft satışları dərhal başlayır və bu proses qeyri-müəyyən müddətə davam edəcək.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuela ərazisinə kütləvi zərbələr endirib. Ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores saxlanılaraq Nyu-Yorka aparılıb. ABŞ Prezidenti Donald Tramp onların narkoterrorizmdə iştiraka və ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılacağını bildirib. Məhkəmədə Maduro və Flores ittihamları rədd edərək günahsız olduqlarını bəyan ediblər.

Hadisədən sonra Karakas BMT-nin təcili iclasının çağırılmasını tələb edib. Venesuela Ali Məhkəməsi dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Delsi Rodrigesə həvalə edib. O, bazar ertəsi Milli Assambleya qarşısında and içərək prezident səlahiyyətlərini icra edən şəxs kimi vəzifəsinin icrasına başlayıb.

Rusiya Xarici İşlər Nazirliyi Venesuela xalqı ilə həmrəylik ifadə edərək Nikolas Maduro və onun həyat yoldaşının azadlığa buraxılmasına çağırıb, vəziyyətin daha da gərginləşməsinin yolverilməz olduğunu bildirib. Oxşar mövqe Çin tərəfindən də səsləndirilib və ABŞ-ın addımları beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib. ABŞ-ın əməliyyatını KXDR Xarici İşlər Nazirliyi də tənqid edib.

Kateqoriyalar