Yaxın vaxtlarda yeni taxıl partiyaları Azərbaycan və Gürcüstan ərazisi ilə tranzit yolu ilə Ermənistana çatdırılacaq.
"PostMedia" xəbər veirr ki, bunu jurnalistlərə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan deyib.
Nazirin sözlərinə görə, yüklər artıq yoldadır, lakin onların İrəvana dəqiq çatdırılma vaxtı, eləcə də hansı ölkələrdən gətirildiyi barədə məlumat sonradan veriləcək.
“Yük çatdırıldıqdan sonra həcmləri tonlarla təqdim edəcəyəm”, – deyə Papoyan bildirib.
Azərbaycandan neft məhsullarının tədarükü ehtimalı ilə bağlı suala cavab verən nazir qeyd edib ki, bu barədə məlumat yalnız məhsullar faktiki olaraq ölkəyə çatdırıldıqdan sonra açıqlanacaq.
Bununla yanaşı, Papoyan erməni konyakının ixracı məsələsinə də toxunaraq bildirib ki, təhlükəsizlik baxımından ən etibarlı marşrut hələ də “Lars” avtomobil buraxılış məntəqəsindən keçən quru yoludur.
Xatırladaq ki, Rusiya buğdasının partiyası noyabrın 5-də axşam saatlarında Ermənistan–Gürcüstan sərhədində yerləşən “Ayrum” dəmir yolu sərhəd stansiyasına çatıb, Qazaxıstan buğdası isə noyabrın 8-də daxil olub. Bunlar son 35 ildə Rusiyadan Azərbaycan ərazisi vasitəsilə Gürcüstana və oradan Ermənistana (Qazaxıstan buğdası da Rusiya ərazisindən keçməklə) həyata keçirilən ilk birbaşa dəmir yolu daşımaları olub.
Noyabrın 7-də Gürcüstanın baş naziri İrakli Kobaxidze tərəfdaşlardan Azərbaycandan Ermənistana yanacağın birdəfəlik tranziti ilə bağlı sorğu aldıqlarını açıqlamışdı.