Yanvara qədər Azərbaycandan keçməklə Rusiyadan Ermənistana 132 vaqon yük danışacaq
06-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
2026-cı ilin yanvar ayının sonuna qədər132 vaqon (təxminən 9 min ton) Rusiya buğdası Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Ermənistana çatdırılacaq.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, ilk mərhələdə 15 vaqonluq (təxminən 1 000 ton) buğda qatarı artıq Ulyanovsk vilayətinin Dimitrovqrad stansiyasından yola salınıb və Azərbaycan üzərindən keçərək Ermənistanın “Dalarik” stansiyasına çatıb.
Bu hadisə 1990-cı illərdən sonra Azərbaycan ərazisindən Ermənistana ilk dəfə həyata keçirilən tranzit yükləmə kimi tarixə düşür.
Rusiya tərəfi əlavə edib ki, bu yeni logistika marşrutu, Azərbaycan hökumətinin Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini aradan qaldırmasından sonra mümkün olub.
Rusiya tərəfi qeyd edir ki, gələcəkdə buğdadan başqa digər yüklərin də bu marşrutla daşınması müzakirə olunur.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdən sonra Ermənistana yüklərin tranzitinə qoyulmuş bütün məhdudiyyətlərin aradan qaldırıldığını elan etmişdi.
Bu proses Azərbaycan üzərindən regional iqtisadi əlaqələrin bərpası istiqamətində mühüm addım hesab olunur və Azərbaycanın Cənubi Qafqazda tranzit mərkəzi rolunu gücləndirir.