Gübrə qiymətlərinin artması və Yaxın Şərqdə baş verən hadisələr kənd təsərrüfatı sektoruna ciddi təsir göstərir və bu səbəbdən yeni tədbirlər üzərində iş aparılır.
”PostMedia” xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının kənd təsərrüfatı üzrə komissarı Kristop Hansen bildirib.
Hansen qeyd edib ki, Avropa İttifaqının aqrar-ərzaq sektoru beynəlxalq ticarətə ehtiyac duyur. O xatırladıb ki, Aİ kənd təsərrüfatı və ərzaq məhsulları üzrə qlobal ixracatçılardan biridir.
Onun sözlərinə görə, iclasda Yaxın Şərqdəki hadisələrin gübrə qiymətlərini artırması məsələsi də müzakirə olunub. “2020-2025-ci illər arasında gübrə qiymətlərində 60 faiz artım qeydə alınıb. Yaxın Şərqdəki müharibə isə vəziyyətin ciddiliyini daha da artırıb”, – deyə Hansen bildirib.
Komissar vurğulayıb ki, gübrə problemi getdikcə böyüyür. Bu səbəbdən Rusiya və Belarusdan başqa ölkələrdən idxal edilən ammonyak, karbamid və bəzi azot gübrələri üçün rüsumdan azad kvotaların tətbiqi məsələsi gündəmə gətirilib.
Hansen əlavə edib ki, Avropa Komissiyası yaz aylarının sonrakı mərhələsində təqdim ediləcək gübrə üzrə fəaliyyət planı üzərində intensiv işləyir.
Bu çərçivədə o, aprelin 13-də gübrə məsələsinə həsr olunmuş təcili yüksək səviyyəli görüşün keçiriləcəyini bildirib. Onun sözlərinə görə, toplantının əsas diqqət mərkəzi qısa və uzunmüddətli struktur tədbirlər olacaq. Məqsəd Aİ-də gübrə istehsalını dəstəkləməklə asılılıqları azaltmaq, fermerlərin gübrədən daha səmərəli istifadə etməsini təmin etmək, həmçinin mineral gübrələrin əvəzinə bioloji əsaslı və aşağı karbonlu alternativlərin tətbiqini təşviq etməkdir.