N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

“Barselona”nın “Camp Nou”ya qayıdış vaxtı bilindi

18-noyabr-2025
Amin Şükür
“Barselona”nın “Camp Nou”ya qayıdış vaxtı bilindi
Yazı Ölçüsü:

“Barselona” uzun fasilədən sonra bu həftəsonu yenidən “Camp Nou”da oynayacaq. “PostMedia”nın xəbərinə görə, klub təsdiqləyib ki, şənbə günü yəni noyabrın 22-si “La Liga” çərçivəsində “Atletik”lə oyun artıq yenilənən arenada keçiriləcək.

Arenada yenidənqurma işləri davam etsə də, şəhər bələdiyyəsi stadiona 45 401 nəfərlik məhdudiyyətlə oyun keçirməyə icazə verib. Qeyd edək ki, “Camp Nou” 2023-cü ildən bəri əsaslı təmirə görə bağlı idi və komanda ev görüşlərini Olimpiya Stadionunda keçirirdi. İlkin plana görə, komandanın 2024-cü ilin sonuna qədər arenaya qayıtması nəzərdə tutulurdu, lakin müəyyən gecikmələr səbəbindən icazə indi verilib.

Oktyabrda stadionun açılması üçün ilk icazə alınmışdı, lakin o zaman tutum limiti 25 991 nəfər idi və klub maliyyə baxımından bunu yetərli hesab etməmişdi.

Noyabrda keçirilən açıq məşqə 23 minə yaxın azarkeş qatılıb və prezident Yoan Laporta bunu uğurlu sınaq kimi qiymətləndirib.

Bu həftə təqdim olunan yeni sənədləşmədən sonra tribunaların genişləndirilməsi təsdiqləndi və şənbə oyunu ilə “Barselona” evinə qayıdır. Qarşıdakı dövrdə komandanı Çempionlar Liqasında “Çelsi” səfəri, ardınca “Alaves” və “Atletiko Madrid”lə ev görüşləri gözləyir – artıq həmin oyunlar da “Camp Nou”da keçirilə biləcək.

Buna baxmayaraq, dekabrın 9-da Çempionlar Liqasında “Ayntraxt”la matçın harada keçiriləcəyi hələ dəqiq deyil. UEFA-nın mövsüm ortasında stadion dəyişməsinə dair qaydaları “La Liga”dan fərqlidir, lakin Laporta bunun mümkün olacağına inandığını bildirib.

Hazırda stadionun iki aşağı tribunasındakı işlər tamamlanıb, üçüncü tribunada və dam örtüyündə işlər davam edir. Yenidənqurmanın tam başa çatması 2027-ci ilə planlaşdırılır və həmin vaxt stadionun tutumu 105 min nəfərə çatacaq.

Kateqoriyalar