Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunda "Əl-Nəsr" doğma meydanda "Əl-İttihad"ı qəbul edib və 2:0 hesablı qələbə qazanıb.
"PostMedia" xəbər vei ki, görüş gərgin və mübarizəli şəraitdə keçib. Oyunda hesab yalnız matçın son dəqiqələrində açılıb. 85-ci dəqiqədə Seneqallı hücumçu Sadio Mane penaltidən dəqiq zərbə ilə komandasını önə çıxarıb. Qarşılaşmaya əlavə edilmiş 7-ci dəqiqədə braziliyalı hücumçu Qabriel Anjelo fərqi iki topa çatdırıb. Bununla da, "Əl-Nəsr" matçı inamlı qələbə ilə başa vurub.
Qeyd edək ki, bu, komandanın Kriştianu Ronaldosuz ardıcıl ikinci qələbəsi olub. 41 yaşlı portuqaliyalı hücumçu klub rəhbərliyinin transfer siyasətindən narazı olduğu üçün ikinci oyundur ki, heyətdə yer almayıb.
Məlumata görə, Ronaldo bu səbəbdən matçları boykot edir. Onun yoxluğuna baxmayaraq, "Əl-Nəsr" uğurlu çıxışını davam etdirir. Hazırda komanda 49 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Əl-Nəsr" lider "Əl-Hilal"dan cəmi 1 xal geri qalır və çempionluq mübarizəsini davam etdirir.