Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanında narazılığı müzakirələrə səbəb olub. Riyadda dəbdəbəli mənzil, “Four Seasons” otelində üç şəxsi mərtəbə və gündəlik 480 min funt sterlinq maaş belə futbolçunu razı salmayıb.
"PostMedia" xəbər verir ki, o, bazar ertəsi Səudiyyə Ərəbistanı Liqasında “Əl-Nəsr”in heyətində meydana çıxmaqdan imtina edərək etirazını nümayiş etdirib.
“Daily Mail”in yazdığına görə, Ronaldu Səudiyyə dövləti tərəfindən “Əl-Nəsr”ə digər klublarla müqayisədə ədalətsiz münasibət göstərildiyini düşünür. Məsələ ondadır ki, liqadakı üç klubun 75 faizi Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fonduna (PIF) məxsusdur və portuqaliyalı ulduz hesab edir ki, PIF transfer bazarında “Əl-Hilal”a daha çox vəsait ayırır.
Mənbələr bildirir ki, Ronaldunun narazılığı “Əl-Hilal”ın Kərim Benzemanı transfer etməsindən sonra daha da artıb. “Ronaldunu özünü bir nömrə hesab edirdi, amma indi diqqət Benzemaya yönəlib”, – deyə portuqaliyalı mənbə qeyd edib.
2023-cü ildə Səudiyyə Ərəbistanına gəldikdən sonra Ronaldu cəmi bir dəfə ərəb klubları turnirində qalib olub və karyerasında 1000 qol hədəfinə çatmaq üçün hələ 39 qolu çatmır. İllik 177 milyon funt qazanan futbolçunun klubuna az yatırım edildiyindən şikayətlənməsi isə ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Qeyd olunur ki, “Əl-Hilal”ın ümumi maaş büdcəsi “Əl-Nəsr”dən xeyli az olsa da, resursların daha balanslı bölüşdürülməsi sayəsində daha yaxşı nəticələr əldə edir. Məqalədə vurğulanır ki, bütün bu milyonlara baxmayaraq, Ronaldu sadəcə səhv klub seçimi edib.