İran, İsrailin "Mossad" kəşfiyyat agentliyinin xeyrinə casusluq etməkdə ittiham olunan Əli Ərdastaninin edam hökmünü icra edib.
"PostMedia"nın "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, edam qərarı Ali Məhkəmə tərəfindən təsdiqlənib və tam məhkəmə prosesi başa çatdıqdan sonra yerinə yetirilib.
Ərdastani İsrailin "Mossad" kəşfiyyat və təhlükəsizlik xidmətinə casusluq etməkdə, ölkənin həssas və məxfi məlumatlarını İsrailə ötürməkdə təqsirli bilinib.
İşin materiallarına əsasən, Ərdastani "Mossad" tərəfindən onlayn şəkildə işə cəlb edilib və razılaşdırılmış ödənişlər, habelə yalan vədlər müqabilində verilən tapşırıqları yerinə yetirib.
Məhkəmə sənədləri, əsaslandırıcı sübutlar və səmimi etiraflar göstərir ki, Ərdastani "Mossad" zabitlərinin rəhbərliyi altında fəaliyyət göstərərək agentliyə müəyyən yerlərin şəkillərini və hədəf alınan şəxslər haqqında məlumatları təqdim edib. O, hər bir missiyanı başa vurduqdan sonra kriptovalyuta ilə ödənişlər alıb.
İşdə həmçinin qeyd olunur ki, Ərdastani İranın müxtəlif yerlərində "Mossad"la əlaqəli olduğu müəyyən edilmiş şəxslərlə şəxsən görüşüb. O, yeni tapşırıqlar almazdan əvvəl topladığı məlumatları, fotoşəkilləri və videoçəkilişləri onlara ötürüb.
Məhkəmə prosesinin bir neçə mərhələsində Ərdastani "Mossad" zabitləri ilə birbaşa təmasda olmasından tam xəbərdar olduğunu və İranın rəqiblərinə bilərəkdən qiymətli məlumatlar ötürdüyünü etiraf edib.