Pikassonun şah əsəri İspaniyada daşınma zamanı itib
17-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Pablo Pikassoya məxsus əsər Madriddən Qranadaya daşınarkən itib.
"PostMedia" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
"Gitara ilə natürmort" (1919) adlı kiçik tablo — ölçüsü cəmi 12,7 x 9,8 sm olan və dəyəri təxminən 600 min avro qiymətləndirilən əsər müvəqqəti sərgi üçün "CajaGranada" fonduna aparılırdı, lakin muzeyə çatmayıb.
Hadisə 3 oktyabrda baş verib. Fondun məlumatına görə, əsər ixtisaslaşdırılmış nəqliyyat vasitəsi ilə daşınıb. Qranadaya çatdıqdan sonra işlər qutulardan çıxarılaraq zallara paylanıb, lakin sərginin kuratoru yoxlama zamanı bir tablonun çatışmadığını görüb.
İspan polisi araşdırmaya başlayıb. Yerli mediaya görə, sənət əsərlərini daşıyan furqonun Qranada yaxınlığında gecə dayanacağı olub və iki müşayiətçi növbə ilə avtomobilin yanında keşik çəkib.
Mənbələr bildirir ki, boşaltma zamanı bəzi tablolar səhv nömrələndiyi üçün bütün eksponatların operativ yoxlanışı çətinləşib.
Qeyd edilir ki, Pikassonun əsərləri dəfələrlə cinayətkarların hədəfinə çevrilib — son onilliklərdə onun onlarla işi oğurlanıb. 2007-ci ildə rəssamın nəvəsinin Parisdəki evindən ümumi dəyəri 50 milyon avro olan iki tablo, 1989-cu ildə isə digər nəvə Marina Pikassonun villasında 12 sənət əsəri oğurlanmışdı.