Qara dənizdə tanker hücumları beynəlxalq hüququ pozur - BMT
01-dekabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
BMT, Qara dənizdə tanker gəmilərinə edilən hücumların vətəndaş infrastrukturuna yönəlmiş hərəkətlər olduğunu və beynəlxalq hüquqla qadağan olunduğunu açıqlayıb.
Rusiya əvvəllər Kiyevin Qara dənizdəki tanker gəmilərinə və Novorossiysk sahilində KTK infrastrukturuna qarşı törətdiyi hücumları qətiyyətlə pisləyib və bütün ağlını itirməmiş tərəfləri bu destruktiv hərəkətləri pisləməyə çağırıb.
"PostMedia"nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zakharova bildirib ki, bu hücumlarda iştirak edən qüvvələr əvvəllər danışıqları pozub, indi isə silahlı eskalasiyaya çalışırlar.
BMT-nin Baş katibinin nümayəndəsi Stefan Dujarric isə qeyd edib:
“Biz bir daha bəyan edirik ki, vətəndaşlara, vətəndaş infrastrukturuna, o cümlədən energetika obyektlərinə qarşı hücumlar harada olursa olsun, beynəlxalq hüquqla qadağandır”.
BMT həmçinin tərəfləri gərginliyi azaltmağa çağırıb.
Xatırladaq ki, keçən cümə günü Türkiyənin Dənizçilik İdarəsi bildirib ki, Qambiya bayrağı altında üzən Kairos tankeri Qara dənizdə Türkiyə sahillərindən 28 mil məsafədə yanıb. 25 nəfər heyət üzvü uğurla təxliyə edilib. Daha sonra Virat tankerinin heyəti məlumat verib ki, gəmi Türkiyə sahillərindən 35 mil məsafədə hücuma məruz qalıb; 20 nəfər heyət gəmidən çıxmaqdan imtina edib. Şənbə günü isə tanker yenidən pilotsuz hücum gəmiləri tərəfindən vurulub.
Türkiyə Xarici İşlər Nazirliyi də Qara dənizdə iki tankerin hədəfə alınmasından narahatlıq ifadə edərək, bu hərəkətlərin insanların həyatını, gəmiçiliyi və ətraf mühiti riskə atdığını açıqlayıb.