Meksika prezidenti Klaudia Şeinbaum xalqla görüşü zamanı spirtli içki qəbul etmiş bir kişi tərəfindən cinsi təcavüzə məruz qalıb.
“PostMedia” xəbər verir ki, hadisə prezidentin insanlarla söhbət etdiyi anda baş verib.
Şahidlərin çəkdiyi görüntülərə əsasən, həmin şəxs əvvəlcə prezidentin belindən tutaraq qucaqlayıb, daha sonra onu öpməyə cəhd edib. Təhlükəsizlik əməkdaşları dərhal müdaxilə edərək təcavüzkarı yerindəcə saxlayıb və gözaltına alıblar.
Hadisə Meksikada narkokartellərə qarşı ardıcıl əməliyyatların davam etdiyi bir vaxtda baş verib və ölkədə ictimai qəzəbə səbəb olub.
Telefon kamerasına düşən görüntülərdə Şeinbaumun hadisədən sonra ətrafdakıları sakitləşdirməyə çalışaraq “Narahat olmayın, sakit olun” dediyi eşidilir.
Klaudia Şeinbaum Meksika tarixində ilk qadın dövlət başçısıdır və bu hadisə ölkədə qadın siyasətçilərə qarşı zorakılıq və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Hadisədən qısa müddət sonra xanım president açıqlama verərək həmin hərəkət edən şəxsdən məhkəməyə şikayət etdiyini bildirib.
“Əgər bunu mənə edə bilirlərsə, gənc qadınlara nə olur? Bu hadisə yalnız mənimlə bağlı deyil. Bu, Meksikada və dünyada bir çox qadının qarşılaşdığı vəziyyətdir. Heç kim qadının bədəninə və şəxsi məkanına toxunmaq hüququna malik deyil”.
Prezident əlavə edib ki, bu cür cinayətlərin ölkənin 32 ştatının hamısında cəzalandırılması üçün qanunvericiliyi yenidən nəzərdən keçirəcək.
Hadisədən sonra ilk emosional açıqlamasında o deyib:
“Özümə sual verdim: məhkəməyə müraciət etməliyəm, ya yox? Sonra düşündüm – etməliyəm. Çünki bu yalnız mənim deyil, bütün qadınların məsələsidir. Əgər bunu mənə edə bilirlərsə, ölkəmizdəki gənc qadınlar nələrlə üzləşirlər?”
Şeinbaum həmçinin hadisə videosunun sosial mediada paylaşılmasını “etikadan və mənəviyyatdan kənar hərəkət” adlandırıb. Onun sözlərinə görə, videonun yayımlanması qurbanın travmasını yenidən yaşamasına səbəb olur.
Prezident açıqlamasında kişi maarifləndirilməsinə və qadınlara qarşı zorakılığın qarşısının alınmasına yönəlmiş yeni bir ictimai kampaniya başladacağını da bəyan edib:
“Bu məsələ qadınların ləyaqəti və hüquqlarının tanınması ilə bağlıdır. Bu, təkcə mənim deyil, bütün Meksikalı qadınların mübarizəsidir”.
Hadisə Meksikada qadınlara qarşı zorakılıqla mübarizə məsələsini yenidən gündəmə gətirib və Şeinbaumun bu məsələdə sərt mövqeyi regionda qadın hüquqlarının müdafiəsi üçün mühüm addım kimi qiymətləndirilir.