"Kolizey"in yaxınlığında yerləşən Orta əsrlərə aid "Conti qülləsi" çöküb
03-noyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Roma mərkəzində "Kolizey"ə yaxın məsafədə orta əsr "Conti qülləsi"nin (Torre dei Conti) bərpası zamanı iki dəfə uçqun baş verib.
"PostMedia" bu barədə ANSA agentliyinə istinadən xəbər verir.
Conti qülləsi 1203-cü ildə papa III İnnokentinin əmri ilə onun ailəsi olan məşhur "Conti di Senni" nəsli üçün inşa edilib. Qüllə əvvəlcə 50–60 metr hündürlüyə malik olub, lakin 1348-ci il zəlzələsindən sonra yuxarı mərtəbələr dağılıb və yalnız yarısı qalaraq Orta əsr Romasının simvollarından birinə çevrilib.
Birinci uçqundan sonra dağıntılar altından üç nəfər çıxarılıb. Çıxarılanların ikisinə yerində yardım göstərilib, 64 yaşlı digər işçi isə kritik vəziyyətdə San Covanni xəstəxanasına çatdırılıb. Daha biri ehtimal olunur ki, hələ də dağıntılar altındadır, amma həyatda olduğuna dair əlamətlər var.
İkinci uçqun işçiləri çıxararkən baş verib. Yanğınsöndürənlərdən heç kim xəsarət almayıb.
Hadisədən sonra xilasedicilərin əraziyə rahat çatması üçün Largo Corrado Ricci küçəsində hərəkət dayandırılıb. Roma prokurorluğu ehtiyatsızlıq nəticəsində sağlamlığa zərər vurmaq maddəsi ilə cinayət işi başladıb. Mütəxəssislər uçqunun səbəbini müəyyən etmək üçün texniki ekspertiza aparacaq. Mümkün səbəblər arasında qüllənin daxili strukturunun pozulması də göstərilir.