Fransanın sabiq prezidenti Nikolya Sarkozi cinayətkar sövdələşmədə iştirakına görə beş il müddətinə azadlıqdan məhrum edilməsindən cəmi bir gün sonra həbsxanada ölüm hədələri ilə üzləşib.
"PostMedia" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Ehtimal ki, məhbuslardan biri tərəfindən çəkilmiş video Sarkozinin Parisdəki "La Sante" həbsxanasına gətirilən zaman ona ünvanlanan şifahi təhdidləri göstərir.
"Reuters"in məlumatına görə, Paris prokurorluğu sözügedən video barədə məlumatlandırılıb. İstintaq çərçivəsində üç məhbus dindirilib, həbsxanada aparılan axtarış zamanı isə iki mobil telefon müsadirə edilib.
2007–2012-ci illərdə Fransaya rəhbərlik etmiş Sarkozi Liviya tərəfindən seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı ittiham üzrə günahkar bilinərək çərşənbə axşamı həbs olunub.
Təhdidlərlə bağlı xəbərlər belə bir vaxtda üzə çıxıb ki, keçmiş prezidentin təhlükəsizliyini təmin etmək məqsədilə ona iki daimi polis əməkdaşı mühafizəçi qismində ayrılıb və həmin əməkdaşlar qonşu kamerada yerləşdiriləcək. Bu tədbir həmkarlar ittifaqları arasında narazılığa səbəb olub.
"La Sante" həbsxanasının nəzarətçi həmkarlar ittifaqı – "Force Ouvriere"nin yerli şöbəsinin rəhbəri Hüqo Vitri onların Sarkozinin xüsusi mühafizə xidməti barədə məlumatlandırılmadığını bildirib.
“Biz bununla bağlı həbsxana rəhbərliyi və Ədliyyə Nazirliyi ilə əlaqə saxlayaraq izahat tələb etmişik”, – deyə o bildirib.
Fransanın daxili işlər naziri Loran Nunyes isə Europe 1 radiostansiyasına müsahibəsində Sakozinin “statusuna uyğun olaraq” təhlükəsizlik hüququna malik olduğunu deyib.
“Aydındır ki, onun həyatı təhlükə altındadır və o, həbsdə qaldığı müddətdə bu mühafizə davam edəcək”, – nazir qeyd edib.