Misirdə xilasedicilər 80 metr dərinlikdəki ehramın içərisinə düşən ispan turist qadını xilas ediblər.
“PostMedia” xəbər verir ki, bu barədə “Gulf News” məlumat yayıb.
Hadisə Qahirədən cənubda yerləşən Dahşur arxeoloji ərazisində, firon Sneferunun “əyri ehramı” adlanan tarixi abidədə baş verib.
Məlumatlara görə, qadın ehramın dar daxili dəhlizlərindən birindəki dik taxta rampadan sürüşərək yıxılıb və ehtimal olunur ki, ayağını sındırıb. Hadisə barədə təcili siqnal aldıqdan sonra xilasedici qruplar dərhal əraziyə cəlb olunublar.
Tibbi personal və mülki müdafiə əməkdaşları təxminən 80 metr dərinliyə enərək dar və havasız keçidlərdə çalışıblar. Qadının zəif kömək səsləri xilasedicilərə onun yerini müəyyənləşdirməyə kömək edib.
Əməliyyat bir neçə saat davam edib. Turistə ilkin tibbi yardım göstərildikdən və o, xüsusi qayış və taxtalarla sabitlədikdən sonra, xilasedicilər onu dar daş tunellərdən ehtiyatla yuxarı qaldırıblar. Dar məkan və havalandırmanın olmaması prosesi daha da çətinləşdirib.
Nəticədə qadın sağ-salamat ehramdan çıxarılaraq xəstəxanaya çatdırılıb.
Rəsmi şəxslər bu əməliyyatı Misirdə qapalı arxeoloji obyektlərdə aparılmış ən mürəkkəb xilasetmə əməliyyatlarından biri adlandırıblar. Onların sözlərinə görə, çətinlik ehramın dərinliyindən, məkanın məhdudluğundan və abidənin tarixi əhəmiyyətindən qaynaqlanıb.