Fransanın cənub-şərqində yerləşən Qrenobl şəhərində gözəllik salonunda qumbara partlayışı baş verib. Hadisə nəticəsində 6 nəfər yaralanıb, onların arasında 5 yaşlı uşaq da var.
"PostMedia" xəbə verir ki, bu barədə "ici" radiostansiyası məlumat yayıb.
Polisin bildirdiyinə görə, qumbaranı bir kişi atıb və o, hadisə yerinə şəriki ilə birlikdə gəlib. Partlayışdan sonra hər iki şəxs dərhal ərazidən qaçıb. Qumbaranın partlaması salonun vitrinini dağıdıb və şüşə qırıqları insanların xəsarət almasına səbəb olub. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, ərazi mühasirəyə alınıb və təhlükəsizlik tədbirləri gücləndirilib. Hazırda polis hadisənin motivlərini araşdırır və şübhəlilərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.