Qazaxıstan Energetika Nazirliyi xəbər verib ki, Liviya bayrağı altında üzən və yüklənməyə hazırlaşan Delta Harmony tankerinə pilotsuz uçuş aparatı (PUA) hücum edib.
"PostMedia" xəbər verir ki, məlumatı Tengrinews.kz yayıb.
“Hadisə nəticəsində yanğın baş verib, lakin tezliklə söndürülüb. Ekipaj arasında xəsarət alan yoxdur. İşçi qrupun məlumatına görə, hadisə zamanı gəmi hələ neftlə yüklənməmişdi və yükləmə tankları boş idi. Buna görə də Qazaxıstanın ixrac resurslarına zərər dəyməyib”, — nazirliyin mətbuat xidməti bildirib.
Bəyanatda vurğulanır ki, nazirlik “KazMunayGas” milli operatoru, konsorsium idarəsi və gəmi sahibləri ilə dərhal əlaqələndirilmiş əməliyyatlar aparır və gəminin təhlükəsizliyini təmin edir.
Nazirlik həmçinin Kaspı boru kəməri konsorsiumu (CPC) terminalı yaxınlığında MATILDA tankerinə dair hadisəni də qeyd edib. Tanker Qazax neftini yanvarın 18-də daşımalı idi və onu “KazMorTransFlot” ("KazMunayGas"ın törəmə şirkəti) icarəyə götürüb.
Dron hücumu partlayışla nəticələnib, lakin davam edən yanğın olmayıb. Ekipajda xəsarət alan yoxdur. İlkin qiymətləndirməyə görə, gəmi dəniz nəqliyyatı üçün yararlıdır və ilkin yoxlamalar zamanı ciddi struktur zədəsi aşkar edilməyib. Ziyanın qiymətləndirilməsi davam edir, şirkət bildirib.
Kaspı boru kəmərləri konsorsiumu Qazax neftinin ixracı üçün əsas marşrutlardan biridir. Bu boru kəməri ilə neft Qazaxıstandan Rusiyaya daşınır, sonra isə Qara dənizdəki Novorossiysk yaxınlığındakı CPC dəniz terminalı vasitəsilə ixrac edilir. Həmin terminal Qazax neftinin ixracının təxminən 80%-ni emal edir.